Qvadelupalı jurnalist: Ümid edirəm ki, bir gün biz də müstəqil olacağıq
Bakı, 26 fevral, AZƏRTAC
İlk dəfədir ki, Azərbaycana səfər edirəm və ölkəniz haqqında çoxlu məlumat toplamışam. Qvadelupa 100 ildən çoxdur Fransanın müstəmləkəsidir və ümid edirəm ki, bir gün biz də müstəqil olacağıq. İlk növbədə, həm iqtisadi, həm də siyasi müstəqillik əldə etmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qvadelupanın “Nouvelles-Etincelles” qəzetinin redaktoru Quelleri-Selbonne Paul deyib.
O bildirib ki, Fransa güclü və inkişaf etmiş ölkədir, ona görə də müstəqillik uğrunda mübarizədə yalnız öz güclərinə arxalanmaları çətindir. “Xüsusilə gənclərimiz bu yolda mübarizə aparmalıdırlar. Azərbaycana səfərimiz bizdə ümid yaratdı. Bakı Təşəbbüs Qrupunun gördüyü işlərə görə minnətdarlığımızı bildiririk. Bu qurum müstəmləkəçilikdən azad olmaq istəyən ölkələrə dəstək verir. Siz bizim çətinliklərimizi dünya miqyasında işıqlandırmağa kömək edirsiniz. Həmçinin bunları Qvadelupa, Martinika və Qviana kimi digər bölgələrlə də bağlı demək olar”.
Quelleri-Selbonne Paul bu səfərlərin davamlı olacağına və mübarizələrinin getdikcə güclənəcəyinə əminliyini vurğulayıb.