Ramin Musayev “Qarabağ”ı “Braqa”dan zəif saymır: Sərkərdə güclüdürsə, narahat olmağa dəyməz
Bakı, 15 fevral, AZƏRTAC
“Qarabağ”ın Portuqaliyada bizi sevindirəcəyinə inanıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”ya qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
Keçmiş funksioner Ağdam klubunun rəqibdən zəif olmadığını bildirib: “Qurban Qurbanov oyundan əvvəl təşkil olunan mətbuat konfransında “Braqa”nın “Qarabağ”dan güclü olduğunu deyib. Əlbəttə, bu, taktiki addımdır. Ancaq narahat olmayın, oyundan sonra zəng edib sizi yaxşı nəticə münasibətilə təbrik edəcəyəm (gülür)”.
R. Musayev bugünkü matçda zədə səbəbindən iştirak etməyəcək Kevin Medina və Marko Veşoviçin yoxluğunun meydanda hiss olunmayacağını söyləyib: “Bilirsiniz, əgər sərkərdə güclüdürsə, narahat olmağa dəyməz. Qurban Qurbanovun mütləq fərqli taktikaları var. Bu gün də elə olacağına inanıram”.
O, “Qarabağ”ın avrokuboklardakı nailiyyətləri ilə Azərbaycanın adını bundan sonra da ucaldacağına inamını ifadə edib: “Uğurlu nəticələr, eləcə də azərbaycanlı futbolsevərlərin sevinməsi Qurban Qurbanovanın sayəsində olub. Yerli məşqçilərimizə şans verilsə, daha böyük nailiyyət əldə edə bilərik”.
Qeyd edək ki, bu gün “Munisipal” stadionunda keçiriləcək “Braqa” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda təşkil olunacaq.