Rektor: Türk dünyasından miqrasiya Türkiyənin demoqrafik böhranının həllinə kömək edə bilər
Ankara, 18 iyul, AZƏRTAC
Türkiyədə artan demoqrafik böhranın həlli Anadolu sakinlərinə mədəni kodu və tarixi üzrə yaxın olan türk xalqlarından miqrantların cəlb edilməsi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu “CNN Türk” telekanalında səsləndirib.
O bildirib ki, Ankara davamlı əhali azalması və ya əhalinin qocalması proseslərini idarə etmək üçün miqrasiya siyasəti işləyib hazırlamalıdır.
Rektor Türk dünyasının potensialına diqqət çəkib: “Hazırda Türkiyədən kənarda təxminən 160-170 milyon etnik türk yaşayır. Bu ölkələrin Türkiyə cəmiyyətinə inteqrasiyası imkanlarını təhlil etmək vacibdir. Hesab edirəm ki, Türkiyənin insan resurslarına olan ehtiyacları qardaş xalqlar tərəfindən ödənilə bilər”, - deyə professor hesab edir.
E.Afyoncu Türkiyənin demoqrafik gələcəyi ilə bağlı məsələdə nikbin olmadığını etiraf edib.
“Təsadüfi deyil ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2007-ci ildən ailələri 3 uşaq dünyaya gətirməyə çağırır. Dövlət başçısının sözləri cəmiyyətə mühüm xəbərdarlıqdır”, - deyə o, son 10 ildə Türkiyədə ümumi doğum səviyyəsinin kəskin şəkildə azaldığını, əhalinin özünü yeniləmə həddinin 2,1-dən aşağı düşdüyünü xatırladıb.
Rektor bildirib ki, Türkiyənin doğum nisbəti hazırda 1,42-dir və ölkə faktiki olaraq demoqrafik çökmə dövrünə qədəm qoyub.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş əvvəllər bildirmişdi ki, əhalinin azalması davam edərsə, növbəti beş il ərzində orta məktəblərdə birinci sinif şagirdlərinin sayı təxminən 900 min azalacaq.
Türkiyə Statistika İnstitutunun proqnozlarına görə, 2100-cü ilə qədər ölkə əhalisi indiki 86 milyon nəfərdən 54 milyon nəfərə qədər azala bilər.
Bir sıra alimlərin fikrincə, əhalinin artım tempi aşağı səviyyədə qalarsa, 2030-cu ilə qədər Türkiyədə yaşlı əhalinin xüsusi çəkisi vətəndaşların ümumi sayının 12,9 faizinə, 2040-cı ildə 16,3 faizə, 2060-cı ildə isə 22,6 faizə çatacaq.