CƏMİYYƏT
“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub








Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində tendensiyaların tez-tez dəyişdiyini, yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək, oxucu kütləsini saxlamaq üçün səmərəli kontent və marketinq strategiyaları formalaşdırılmasına zərurət yarandığını vurğulayıb.
O bildirib ki, layihə çərçivəsində təşkil ediləcək təlim müddətində tanınmış mütəxəssislər rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri, diqqət cəlb edən başlıqların formalaşdırılması, xəbərin cəlbedici təqdim olunmasından sonra göstəricilərin ölçülməsi, multimedia və interaktiv elementlərdən istifadə, rəqəmsal mənbələrdən əldə edilən datanın analizi, dataya əsaslanan məzmun strategiyalarının tətbiqi, sosial mediada güclü brendin yaradılması, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması, fərdiləşdirmə və individuallaşdırmanın həyata keçirilməsi barədə maraqlı məlumatlar verəcək, diskussiyalar aparacaqlar.
Tədbirdə çıxış edən “Albayrak” Media Qrupunun tərkibindəki “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer layihənin müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda, sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılması baxımından əhəmiyyətini qeyd edib.
Təlimin ilk hissəsində Doğukan Gezerin “Rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri” mövzusunda rəqəmsal xəbərlərdə hekayə nəqli və diqqət cəlb edən başlıqların formalaşdırılması haqqında, Kerim Askerin “Xəbərin cəlbedici təqdim olunması: Şaquli formatda videoxəbər təqdimatı” mövzusunda multimedia və interaktiv elementlərdən istifadə olunması, diqqət cəlb edən videoların seçilməsi və hazırlanması barədə, ən sonda isə Suat Özdemirin “Rəqəmsal mediada proqnozlaşdırma və təhlil” mövzusunda rəqəmsal mənbələrdən əldə edilən datanın analizi və dataya əsaslanan məzmun strategiyalarının tətbiqi istiqamətində çıxışları nəzərdə tutulur.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bununla da xəbər saytlarının oxucu kütləsinin əhatə dairəsinin genişləndirilməsi, bu istiqamətdə mövcud alət və strategiyaların səmərəli tətbiqinin stimullaşdırılmasıdır. Layihə iki gün müddətində ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşının, həmçinin bir sıra ali təhsil müəssisələri və qurumlardan olan qonaqların iştirakı ilə həyata keçirilir.