İDMAN
Rəşid Süleymanov: Federasiyamızın əsas məqsədi irimiqyaslı turnirlərdə ölkəmizi layiqincə təmsil etməkdir
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanda idmana dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanla məşğul olanların sayı durmadan artır və bu da sağlam həyat tərzinin təbliğ olunması deməkdir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti Rəşid Süleymanov deyib.
Hazırda federasiyanın özündə 700 idmançını birləşdirdiyini vurğulayan R.Süleymanov deyib: “Gənclərin düzgün olmayan istiqamətə yönəlməsinin qarşısını yalnız idmanla almaq olar. Biz də bunu meyar tutaraq gənclərimizin gözəl gələcəyini təmin etmək, onlara sağlamlıq bəxş etmək, idmanı sevdirmək və gəncləri məhz idmanin müxtəlif növlərinə yönəltməyə çalışırıq. Federasiyamızın əsas məqsədi irimiqyaslı turnirlərdə ölkəmizi layiqincə təmsil etməkdir. İdmançılarımız Avropa, dünya çempionatlarında iştirak edib, çoxlu sayda medallar qazanıblar. Təsadüfi hallarda, ölkəyə medalsız qayıdıblar”.
Pandemiyanın bütün sahələrdə olduğu kimi, idmanda da böyük maneələrə səbəb olduğunu açıqlayan federasiyası rəsmisi bildirib ki, bu dövrdə məşqlərin sayı azaldı, iştirak edəcəyimiz turnirlər təxirə salındı. Lakin buna baxmayaraq, az da olsa, fəaliyyətimizi davam etdirməyə, heç bir halda işimizi dayandırmamağa çalışdıq.
“Hazırda Bakı ilə yanaşı, Naxçıvan, Cəlilabad, Qərb və Şimal bölgələrindən olan atletlərimiz məşqlərini davam etdirirlər. İstər qız, istərsə də oğlanlar federasiyamıza qoşulmağa davam edirlər. Təbii ki, idmançıların sayını artırmaq üçün onlara həm maddi, həm mənəvi dəstək lazımdır. Bu məsələdə, dövlətimiz bizi heç vaxt tək qoymur, diqqətini üstümüzdən ayırmır. Buna görə də dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Hətta bəzi rayonlarda - İsmayıllı və Qubada bizim məşq prosesləri üçün təmənnasiz idman zallari təşkil olunub”, - deyə R.Süleymanov əlavə edib.
R.Süleymanov deyib: “Federasiyanın uğurlu fəaliyyəti üçün əlimizdən nə gəlirsə edəcəyik. Əvvəllər federasiyaya İlham Rəhimov başçılıq edirdi. İşlərinin çoxluğu ilə əlaqədar o, bu məsuliyyətli vəzifəni mənə həvalə etdi. Özü isə hazırda federasiyanın fəxri prezidentidir. Mən də çalışıram ki, ölkəmizin dünyada tanınması, uğur qazanması istiqamətində əlimdən gələni əsirgəməyim və mənə olan inamı doğruldum. Əməkdar məşqçi Abbas Hünbətovun da federasiyada əməyi böyükdür. Biz hər zaman ən güclü federasiya olmuşuq. Yazdan başlayaraq ölkə xaricində irimiqyaslı yarışlarda iştiraka start verəcəyik. İdmançılarımız Rusiya, Özbəkistan, Fransa və digər ölkələrdə bir sıra turnirlərdə iştirak edəcəklər. Həmçinin Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir də təşkil edəcəyik. Ənənəvi xarakter alan yarışın mayda keçirilməsini planlaşdırırıq”.