İQTİSADİYYAT
“RESPUBLİKA” BANKI YENİ PROQRAMINI TƏQDİM ETMİŞDİR
“Respublika” səhmdar kommersiya bankı kiçik və orta sahibkarlıq (KOS) layihələrinin yeni kreditləşdirmə proqramını təqdim etmişdir. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqramda KOS layihələrini Almaniya-Azərbaycan Fondunun (AAF) vəsaitlərindən kreditləşdirmək nəzərdə tutulur. KOS-un hər bir nümayəndəsi həmin proqram üzrə kredit almaq imkanına malikdir. Lakin bank yeni proqramın məqsədli təqdimatını keçirməklə Bakı-Tbilisi-Ceyhan layihəsinin və neft sektorunun digər layihələrinin, habelə yerli nəqliyyat-ekspeditor şirkətlərinin subpodratçılarını maliyyələşdirməyə maraqlı və hazır olduğunu göstərmişdir. Bank öz vəsaitlərindən ayırdığı kreditlə müqayisədə AAF-ın vəsaitlərindən daha aşağı faizlə kredit vermək niyyətindədir. Subpodratçının layihədə iştirakı haqqında müqavilə müştərinin kreditödəmə qabiliyyətinin təminatıdır.