Respublika elmi-praktik konfransında Ulu Öndərin tarixi xidmətlərindən söhbət açılmışdır
Bakı, 8 may (AZƏRTAC. Pərvanə İmanova). Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar dahi rəhbər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tədqiqinə dair institut tərəfindən nəşr edilmiş elmi-tədqiqat əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Konfransda çıxış edənlər Ümummilli Liderin Azərbaycan elminin inkişafındakı xidmətlərindən söhbət açmışlar. Eyni zamanda AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda ulu öndər Heydər Əliyevin zəngin irsinin tədqiq olunması və öyrənilməsi sahəsində aparılan işlərdən danışılmışdır. Bildirilmişdir ki, bu elmi müəssisədə ənənəvi olaraq Ümummilli Liderə həsr edilmiş tədbirlər 3 istiqamətdə həyata keçirilir. İnstitutda 2006-cı ildən başlanılmış bu tədbirlər çərçivəsində müxtəlif beynəlxalq və respublika elmi konfransları təşkil edilmiş və bu mötəbər tədbirlərin materialları kitab şəklində çap edilmişdir.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevi Azərbaycan xalqının tarixində nadir şəxsiyyət, fenomenal bir insan kimi qiymətləndirmişlər. Ulu Öndəri bütün sahələrdə çoxşaxəli və zəngin biliyə malik bir şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadimi kimi xarakterizə edən natiqlər ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi əvəzedilməz xidmətlərindən söhbət açmışlar. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan elminə, Vətəninə, xalqına olan hörmət və sədaqətini dəfələrlə öz fəaliyyətində, əməllərində göstərmişdir.
Ulu Öndərin zəngin dövlətçilik təcrübəsindən və siyasi fəaliyyətindən söz açan konfrans iştirakçıları qeyd etmişlər ki, ümummilli lider Heydər Əliyev müdrikliyi, çoxşaxəli daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dünyada tanıdılması istiqamətində mühüm işlər görmüşdür.