Respublikanın bəzi çaylarında sululuğun artımı qeydə alınmışdır
Bakı, 12 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı qeydə alınmışdır.
AZƏRTAC xəbər verir ki, son dörd gün ərzində ərazidən axan Lənkərançay Lənkəranda suyun səviyyəsində 65 sm, Lənkərançay-Sifidorda 49 sm, Vəşərüçay-Daştatükdə 53 sm, Viləşçay-Şıxlarda 30 sm artım müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında 270-510, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 140 m3/s və ongünlük normanın 52 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 10 sm artım qeydə alınmış, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 81 m3/s təşkil etmiş və ongünlük normanın 86 faizinə bərabər olmuşdur.