Respublikanın şimal-qərb rayonlarında baş vermiş zəlzələ bəzi fəsadlar törətmişdir
Zaqatala, 15 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Balakən və Zaqatala rayonlarında bəzi yaşayış evlərinə və sosial obyektlərə ziyan dəymişdir.
AZƏRTAC xəbər verir ki, baş vermiş təbii fəlakətlə əlaqədar bu rayonlarda fövqəladə hallar komissiyalarının operativ müşavirələri keçirilmiş, komissiya üzvləri daha çox ziyan dəymiş kəndlərə göndərilmişlər. Hazırda dəymiş ziyanla bağlı yerlərdən rayon komissiyalarına məlumatlar daxil olur.
Balakən Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, rayonun Qabaqşöl qəsəbəsində, Kortala, Püştətala, Qaysa kəndlərində xeyli sayda fərdi yaşayış evinə müxtəlif dərəcədə ziyan dəymişdir. Yeni Şərif, Bedağar kəndlərində məktəb binalarının qəzalı vəziyyətə düşmüşdür.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanovun verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində rayonun Qanıx çayı vadisində Balakən rayonu və Gürcüstanla sərhəd ərazilərdə yerləşən kəndlərdə fərdi yaşayış evlərinə müxtəlif dərəcədə ziyan dəymişdir. Yerlərdən daxil olan məlumatlarda əvvəlki zəlzələlərdə zədələnmiş bəzi evlərin divarlarındakı çatların daha da genişləndiyi, bəzi evlərin isə qəzalı vəziyyətə düşdüyü bildirilir.
Baş vermiş zəlzələ nəticəsində Qax və Şəki rayonlarında da bəzi fərdi yaşayış evlərinə müəyyən ziyan dəymişdir.
Hazırda bu rayonların fövqəladə hallar komissiyaları zəlzələ ilə bağlı operativ tədbirləri davam etdirir, yerlərdə dəqiqləşdirmə işləri aparırlar.
Yeraltı təkanlar zamanı insan tələfatı olmamışdır.