Riçard Bok: Azərbaycanın Beynəlxalq Notariat İttifaqına üzv olacağına inanırıq
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanda notarius sistemi çox yaxşı inkişaf etmiş sistemdir, digər ölkələrə nümunə ola biləcək səviyyədədir.
Bunu Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, Almaniya Federal Notariat Palatasının beynəlxalq münasibətlər üzrə baş nümayəndəsi Riçard Bok AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda yaradılmış notarius sistemindən xeyli məmnun qalıb: “Biz Beynəlxalq Notariat İttifaqının təmsilçisiyik. Azərbaycan ittifaqımıza üzvlüklə bağlı sənədləri təqdim edib. Şərtlərdən biri idarə heyətimizin Azərbaycana səfər etməsi idi. Artıq iki gündür Azərbaycandayıq, bu müddət ərzində müxtəlif qurumlarda - Ədliyyə Nazirliyində, Milli Məclisdə, Ali Məhkəmədə olduq. Bu gün isə Bakıda və bölgələrdə olan notariuslarla tanış olacağıq”.
Riçard Bok Azərbaycanın təşkilata üzvlüyünü dəstəklədiyini diqqətə çatdırıb: “Biz burada təcrübə mübadiləsi aparırıq. Bu səfərdən sonra biz hesabat hazırlayaraq Beynəlxalq Notariat İttifaqının Baş Assambleyasına təqdim edəcəyik. Bundan sonra Azərbaycanın üzv olması ilə bağlı qərar veriləcək. İnanırıq ki, Azərbaycan təşkilatın sayca 92-ci üzvü olacaq”.