Riçardas Lapaytis: Biz həmişə dünyaya həqiqəti çatdırmalıyıq
Şuşa, 22 iyul, AZƏRTAC
1992-ci ilin fevralında Xocalı faciəsi baş verdi, beynəlxalq jurnalistlərin çox az hissəsi bu soyqırımını işıqlandırdı. Əgər o vaxt beynəlxalq media susmasaydı, dünyada bir çox başqa faciələrin qarşısını almaq mümkün olardı. Bir gecədə Xocalının 600-dən artıq dinc sakini, o cümlədən qadınlar və uşaqlar qətlə yetirildi. Erməni siyasətçiləri yalan informasiyalar yayır, Xocalı həqiqətlərini gizlədirdilər. Hətta ən nüfuzlu KİV-lərin, beynəlxalq təşkilatların nümayəndələri Xocalıya gəlmədilər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda iştirak edən litvalı hərbi jurnalist Riçardas Lapaytis bildirib.
Onun ünvanına tez-tez təhdidlər olduğunu qeyd edən litvalı jurnalist Xocalıda baş vermiş bir hadisə barədə danışıb: “Otaqların birinə iki azərbaycanlı qızcığazın cəsədlərini gətirdilər və dəmir masanın üzərinə qoydular. Onlardan birinin dörd, digərinin isə beş yaşı vardı. Onların paltarları qana bulanmışdı. Kiçik qızlar ölmüşdü, lakin gözləri açıq idi. Bədənlərində yaxın məsafədən vurulan güllə, həmçinin bıçaq yaralarını görmək olardı. Otaqda yalnız iki jurnalist var idi. Bu uşaqların valideynləri də orada idi. Dərin sükut hökm sürürdü. Otağa bir nəfər daxil oldu, balacaların qanlı başlarını qaldırdı və yastığın üzərinə qoydu. Mən soruşdum: “Bunu nədən edirsiniz?” O cavab verdi: “Onlar körpədir, dəmir masanın üzərində üşüyəcəklər”. Bundan sonra mən həmin otaqdan çıxdım və özümə söz verdim: heç vaxt heç bir təhdiddən qorxmayacağam, heç vəchlə! Biz (jurnalistlər-red.) həmişə dünyaya həqiqətləri çatdırmalıyıq”.
Riçardas Lapaytisin sözlərinə görə, 30 il əvvəl o, Şuşada olacağını yalnız arzu edə bilərdi. O, sonda deyib: “Bu gün səhər saat 5-də oyanmışam, küçəyə çıxdım və təmiz havadan zövq aldım. Şuşa sadəcə qala deyil, həm də azərbaycanlılar üçün doğma şəhərdir. Şuşa muğamın, dahi şair və yazıçıların vətənidir”.
Cümə günü Şuşada “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü münasibətilə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.
Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Şuşa Qlobal Media Forumu iyulun 3-də başa çatacaq.