Riqada Azərbaycan pianoçusu Renara Axundovanın konserti olmuşdur
Riqa, 7 may (AZƏRTAC). Mayın 6-da Fransada yaşayan Azərbaycan pianoçusu və bəstəkarı Renara Axundovanın Riqadakı Avesol konsert salonunda ölkəmizin Latviyadakı səfirliyinin dəstəyi ilə konserti olmuşdur. “Məhəbbət sədaları” adlı konsertdə müəllifin öz əsərləri və improvizasiyaları səslənmişdir.
Konsert “Minnətdarlıq” əsərinin ifası ilə açılmışdır. Renaranın əsərləri sanki qəlbin bir izharı, ona bir məlhəmdir. Bir ömür boyu yaşamaq istədiyin, yaxud əksinə, unutmaq istədiyin sevinc, məhəbbət, itki və məyusluq kimi hisslərin sanki əsirinə çevrilirsən.
Renara özünün “Sən və mən”, “İncəsənət qüdrətdir”, “Hədiyyə”, “Ustadla görüş”, “Sufi” əsərlərini ifa etmişdir. Konsertdə onun yeni kompozisiyasının premyerası olmuşdur.
Bəstəkarın “Allahım, mənə verdiklərinə görə sənə minnətdaram, vermədiklərinə görə isə üçqat minnətdaram”, - deyə şərh verdiyi əsəri səsləndi.
Konsertin sonunda bəstəkar hər bir konsertinin ayrılmaz tərkib hissəsi olan improvizasiyanı ifa etdi.
Qeyd edək ki, hazırda Fransada tanınmış pianoçu və bəstəkar olan Renara Axundova Bakıda anadan olmuşdur. Bəstəkar demişdir “Musiqi onu bütün dünyaya bəxş etmək tələbatı kimi özü qəlbimə yol tapmışdır”.
Ranara teatr əsərləri üçün musiqi yazır, audiokitablar üçün musiqi müşayiətinin yazılmasında iştirak edir. Hazırda Asiya və Avropada onun yeni-yeni albomları çıxır. Renaranın musiqisi insan taleyindən söz açan hekayətdir. Azərbaycan bəstəkarının albomu “Dünya klassik musiqisinin 100 şah əsəri” kolleksiyasına daxildir.
Renara demişdir: “Çox vaxt kompozisiyalar kim və ya nə isə barədə ani təəssüratı canlandırır. Bəzən, sadəcə, beynimdə melodiya yaranır. Adını sonra da qoymaq olar. Bu, həmin melodiyanın məndə hansı hisslər doğurduğundan asılıdır. Çox vaxt musiqim insanlarla ilk tanışlıq zamanı doğulur”.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa