ELM VƏ TƏHSİL
“Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı impakt faktor alıb
![“Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı impakt faktor alıb](/files/2023/2/1200x630/16883826161990519231_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
“Clarivate” şirkətinin 2023-cü ildə Jurnalların İstinad Hesabatına (JCR - Journal Citation Reports) görə, ingilis dilində nəşr edilən “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” (“Proceedings of the Institute of Mathematics and Mechanics”) jurnalı ilk dəfə olaraq impakt faktor alıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın son 2022-ci il üçün impakt faktoru 1.1-ə bərabərdir. Onun beşillik impakt faktoru 0.8-dir. Bundan əlavə, “Clarivate” şirkətinin hesabatında jurnalın 2022-ci il üçün istinad göstəricisi (JCI - Journal Citation Indicator) yüksələrək 0.93-ə çatıb. Bu göstəriciyə görə “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı hazırda “Web of Science” ESCI (Emerging Sources Citation Index) bazasına daxil olan 482 jurnal arasında 107-ci yerdə qərarlaşır və onun kvartili Q1-dir (siyahıda ilk 25 faiz jurnalın arasındadır).
Beləliklə, “Clarivate” şirkətinin son açıqlamasına görə, “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı “Web of Science” ESCI bazasına daxil olan Q1 kateqoriyalı, yüksək impakt faktorlu jurnal hesab edilir.