Riyaziyyatçı alim beynəlxalq tədbirdə sertifikata layiq görülüb
Bakı, 8 sentyabr, AZƏRTAC
Türkiyənin Konya Texniki Universitetində 23-cü Beynəlxalq Mexanika Konqresi keçirilib.
Konqresdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Bilal Bilalov “Banax-Sobolev fəzalarında elliptik tənliklər nəzəriyyəsinin müasir problemləri” mövzusunda plenar məruzə ilə çıxış edib. B.Bilalov sertifikatla mükafatlandırılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Konqresdə bölmə iclasları keçirilib, dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin mexanika riyaziyyatçı alimlərinin məruzələri dinlənilib.