Riyaziyyatın həyatımıza təsiri haqqında kitab yazan xaçmazlı qız ABŞ Universitetində təhsil alacaq
Xaçmaz, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanlı gənc Zülfiyyə Kişiyeva Amerika Birləşmiş Ştatlarının və dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Stanford Universitetinə qəbul olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zülfiyyə 2005-ci ildə Xaçmaz şəhərində doğulub. İbtidai təhsilini Mehman Məhəmmədov adına Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdə alıb. Ailəsi ilə Bakıya köçdükdən sonra "İstək" liseyində, ardınca Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. Bu ilin yayında gimnaziyanı fərqlənmə atestatı ilə bitirib.
O, xarici universitetlərə qəbul imtahanlarında biliyini sınayıb. SAT və İELTS imtahanlarında uğurla iştirak edərək yüksək bal toplayıb.
“Ümumiyyətlə xaricdə təhsilə marağım kiçik yaşlarımdan olub. VIII sinifdə oxuyanda Stanford Universitetinin riyaziyyat yay proqramı haqqında öyrəndim. Bu proqrama da təqaüdlə qəbul olundum. SUMaC adlanan bu proqram çərçivəsində çox sayda Stanford professorları və tələbələri ilə tanış oldum. Qərar verdim ki, mən mütləq bu universitetdə oxumalıyam. Bu ilin noyabrında heç bir xaricdə təhsil kursunun köməyi olmadan Stanford Universitetinə müraciət etdim. Dekabrın 17-si qəbul olunmağımla bağlı şad xəbəri aldım. ABŞ-ın Kaliforniya ştatında yerləşən Stanford Universitetində təhsil haqqı 85 min ABŞ dollardır. Təxminən 145 min manat. Mən Tətbiqi riyaziyyat ixtisası üzrə 100 faiz təqaüd almışam. Yəni oxuduğum müddətdə bütün təhsil xərclərim universitet tərəfindən qarşılanacaq”, - deyə Zülfiyyə bildirib.
Onun sözlərinə görə, universitetə qəbul prosesində yeni nəşr olunmuş kitabı da önəmli rol oynayıb. “Riyaziyyat işığı altında kainat” adlı kitab məktəblilərin riyaziyyata olan baxış bucağını dəyişmək üçün nəzərdə tutulub. Bu kitab riyaziyyatın gündəlik həyatımızdakı önəmi haqqında məlumat verən kiçik ensiklopediyadır.
Zülfiyyənin bacısı Züleyxa da iki il əvvəl ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinə qəbul olunub.