RONALDONUN NÖVBƏTİ ZƏDƏSİ ONUN KARYERASINA SON QOYA BİLƏR
AZƏRTAC xəbər verir ki, Braziliya futbolçusu Ronaldonun yeni zədəsi onun karyerasına son qoya bilər. İtaliyanın “Milan” klubunun hücumçusu İtaliya çempionatı çərçivəsində “Livorno” ilə keçirilən görüşdə zədə almışdır.
Ronaldonun dizinin vətəri zədələnmişdir, buna görə cərrahiyyə əməliyyatı və 9 aydan bir ilədək bərpa dövrü tələb olunacaqdır.
“Milan” klubunun rəhbərlərindən biri, sabiq futbolçu Leonardo bildirmişdir ki, Ronaldo dərhal etiraf etmişdir ki, söhbət ağır zədədən gedir. Ronaldo hadisədən sonra demişdir ki, bu keçən dəfəki zədə kimidir.
Fevralın 14-də Fransada idmançının üzərində cərrahiyyə əməliyyatı aparılacaqdır.
Əvvəllər Ronaldo dizləri ilə əlaqədar ciddi problemlərlə qarşılaşmışdır. 2000-ci ildə İtaliyanın “İnter” komandasında oynayanda futbolçu sağ dizindən zədə almış və bundan sonra bir il oynamamışdı. Buna baxmayaraq, hücumçu 2002-ci ilin dünya çempionatınadək sağalmışdı. Braziliyalılar, əsasən, Ronaldonun ustalığı sayəsində o vaxt öz tarixində beşinçi dəfə çempion titulu qazanmışdılar.
Lakin indi oyunçunun artıq 31 yaşı var, braziliyalılar 2006-cı il Dünya çempionatında məğlubiyyətə uğradıqdan sonra o, yığma komandaya dəvət olunmur və yerli KİV-lər istisna etmirlər ki, Ronaldo öz karyerasını başa çatdırmalı olacaqdır.