Rövşən Nur: Azərbaycan incəsənətini beynəlxalq ictimaiyyətə təqdim etməyə çox şadam
Bakı, 13 fevral, Anara Axundova, AZƏRTAC
Parisin tam mərkəzində, əfsanəvi “Grand Palais”də Avropanın ən böyük və ən əhəmiyyətli incəsənət tədbirlərindən biri olan möhtəşəm beynəlxalq “Art Capital” sərgisi keçirilir. Tarixi sarayın şüşə günbəzinin altında dünyanın hər yerindən minlərlə rəssam toplaşaraq rəsm, qrafika, heykəltaraşlıq və müasir incəsənət əsərlərini təqdim edir.
Tədbir iştirakçıları arasında Estoniyada yaşayan və işləyən azərbaycanlı rəssam Rövşən Nur da var.
“Bu, incəsənət dünyasında həqiqətən də böyük və vacib tədbirdir. Hər bir rəssam üçün “Art Capital”da iştirak etmək xüsusi bir şərəfdir. Bu il sərgidə əsərlərimlə iştirak etməyə çox şadam”, - deyən rəssam AZƏRTAC-ın müxbirinə bildirib: “Mənim üçün xüsusilə əhəmiyyətli olan yeni “Sülh simvolu” rəsm əsəri - ağ fonda sarı tonlarda, işıq, istilik və ümidlə dolu bir mələk obrazının burada sərgilənməsidir. Bu əsər başqaları ilə bölüşmək istədiyimiz sülh, harmoniya və daxili sakitlik haqqındadır. Mənim üçün Azərbaycan incəsənətini dünya incəsənət paytaxtında beynəlxalq auditoriyaya təqdim etməkdir çox vacib və ilhamverici bir mərhələdir”.