Rumıniya mənzil sahibliyinə görə dünyada ikinci yerdə qərarlaşıb
Buxarest, 20 iyul, AZƏRTAC
Rumıniya mənzil sahibi olan əhalinin payına görə dünyada ikinci yeri tutur.
AZƏRTAC xəbər verir ki, ölkədə əhalinin 92,8 faizi yaşadığı mənzilin və ya evin sahibidir. Bu göstəriciyə görə, Rumıniyanı yalnız Slovakiya (93,5 faiz) qabaqlayır. İlk üçlüyü isə Xorvatiya (90,4 faiz) tamamlayır.
Rumıniyanın “Economedia” nəşri yazır ki, ilk onluqda yer alan ölkələrin əksəriyyəti Mərkəzi və Şərqi Avropanın keçmiş və ya hazırkı sosialist dövlətləridir. Mütəxəssislər bunu 1990-cı illərdə dövlət mənzil fondunun aşağı qiymətlərlə özəlləşdirilməsi ilə əlaqələndirirlər. Həmin proses nəticəsində milyonlarla ailə yaşadığı mənzilin sahibi olub.
Məqalədə qeyd olunur ki, siyahının əks tərəfində Avropanın ən inkişaf etmiş iqtisadiyyatlarından sayılan Almaniya və İsveçrə qərarlaşıb. Almaniyada əhalinin cəmi 41 faizi, İsveçrədə isə 38,2 faizi yaşadığı mənzilə sahibdir. Bu ölkələrdə inkişaf etmiş kirayə bazarı, kirayəçilərin hüquqlarının güclü qorunması və uzunmüddətli kirayənin əlçatan olması əhalinin mənzil almağa ehtiyacını azaldır.
Araşdırmada vurğulanır ki, yüksək mənzil sahibliyi göstəricisi hər zaman yüksək rifah səviyyəsi demək deyil. Mənzil bazarının tarixi inkişafı, dövlət siyasəti, maliyyələşmə mexanizmləri və kirayə sektorunun vəziyyəti bu göstəriciyə birbaşa təsir göstərən əsas amillər hesab olunur.
Mütəxəssislərin fikrincə, mənzil sahibliyi səviyyəsi ölkələrin iqtisadi inkişafından daha çox uzun illər ərzində formalaşmış mənzil siyasətini əks etdirir. Bu baxımdan Mərkəzi və Şərqi Avropa ölkələrinin yüksək göstəriciləri, Qərbi Avropanın bir sıra zəngin dövlətlərində isə kirayə modelinin üstünlük təşkil etməsi qlobal mənzil bazarındakı fərqli yanaşmaları nümayiş etdirir.