İQTİSADİYYAT
Rumıniya mətbuatı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu barədə məqalələr yayıb
Buxarest, 10 sentyabr, AZƏRTAC
Rumıniyanın qabaqcıl media orqanları Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu barədə məqalələr yayıblar. Materiallarda bu ölkənin enerji naziri Sebastiyan İoan Burdujanın yerli mediaya müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer verilib.
AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində ölkəsinin sürətlə inkişaf edən iqtisadiyyatı, sərmayə üçün əlverişli mühiti ilə Avropanın enerji regionunda etibarlı tərəfdaş və aparıcı oyunçu kimi mövqeyini gücləndirdiyini deyib. Sebastiyan İoan Burduja Rumıniya və Azərbaycan arasında əməkdaşlıq layihələrinin reallaşması ilə Avropanın enerji mənzərəsini dəyişmə potensialının olduğunu vurğulayıb. O, Azərbaycan qazının Rumıniyaya və regionun digər ölkələrinə nəqlini nəzərdə tutan STRING layihəsini, regional enerji bazarının sabitləşdirilməsi üçün əsas element kimi qiymətləndirib.
Bundan əlavə, elektrik enerjisinin daşınması üçün dənizaltı kabelin tikintisini əhatə edən “Yaşıl dəhliz” layihəsini də bu sahədə mühüm addım olduğunu bildirib. S.İ.Burduja Azərbaycanla olan bu müqavilənin enerji təhlükəsizliyi və təchizatının müxtəlifləşdirilməsi üçün vacib olduğunu vurğulayıb. O, Azərbaycanın regional bazarlardakı artan rolunu və bu kontekstdə əlaqələndiriciliyin əhəmiyyətini qeyd edib.
Nazir həmçinin Xəzər dənizindəki yeni LNG terminalı layihəsini qeyd edib, bunun Xəzər regionundan qazın ixracı üçün yeni bir dəhliz açacağını vurğulayıb: “Bu layihə, Aİ-yə qaz idxalının giriş nöqtələrini müxtəlifləşdirmək və təhlükəsiz, etibarlı enerji təminatını təmin etmək potensialına malik olacaq”.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest