RUSİYA DÖVLƏT DUMASININ SƏDRİ BORİS QRIZLOVUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında hörmətli qonağı və onu müşayiət edən şəxsləri Milli Məclisin sədri Murtuz Ələsgərov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər yola saldılar.
Boris Qrızlov vətənə yola düşməzdən əvvəl jurnalistlərin suallarına cavab verərək dedi:
- Mən Rusiya və Azərbaycan parlamentləri arasındakı münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirirəm, keçirdiyimiz görüşlər isə daha sıx qarşılıqlı fəaliyyətə təkan verəcəkdir. Biz rəsmi səfər zamanı parlamentlərarası qrupların işini müzakirə etdik və bir neçə gündən sonra bu qrupların üzvləri Moskvada görüşəcəklər. Rusiya Dövlət dumasının deputatları aprelin 6-7–də Bakıda keçiriləcək biznes forumda iştirak edəcəklər. Bu, müzakirə etdiyimiz konkret addımlardır, parlamentlərarası qruplar isə qanunvericiliklərin uyğunlaşdırılması, qabaqcıl ideyaları tətbiq etmək üçün, - onlar, şübhəsiz ki, Azərbaycanda və Rusiyada da var, - müxtəlif ölkələrin qanunvericilik sahəsində nailiyyətlərin öyrənilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Bizim aramızda çox səmimi münasibətlər var. Bu, həm dövlət başçılarımız, həm də parlamentlərimiz arasılndakı münasibətlərdir. Mən səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə, respublikanın Baş naziri ilə görüşdüm. Biz bir çox məsələləri, o cümlədən dövlətlərarası münasibətlərə dair məsələləri müzakirə etdik. Düşünürəm ki, bütün bunlar ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.
Səfər zamanı nəzərdə tutduğumuz bütün məsələləri müzakirə etdik, lakin əlbəttə, həmişə həll olunmamış məsələlər qalır. Məsələn, mühüm məsələlərdən biri ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasıdır. İki ölkə prezidentlərinin müəyyən etdikləri digər vəzifə əmtəə dövriyyəsini ildə 1 milyarad ABŞ dollarına çatdırmaqdır. Bu, hələlik həll olunmamış vəzifədir. Lakin biz Bakıda onun həlli barədə danışmışıq. Bu vəzifə qarşıya qoyulmuşdur və şübhəsiz ki, həll ediləcəkdir. Enerji daşıyıcılarının nəqli sahəsində iqtisadi layihələr, Bakının maşınqayırma sahəsində müştərək müəssisələr yaradılması yolu ilə Rusiya kapitalının daha geniş iştirakı ideyaları da vardır. Bu, əmtəə dövriyyəsini artırmağa kömək edəcəkdir. Əmtəə dövriyyəsini xidmət sahələrinin genişləndirilməsi hesabına da artırmaq imkanı var. Bu, tamamilə real vəzifədir və düşünürəm ki, onu iki il ərzində həll etmək mümkün olacaqdır.