RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə Rusiya cəmiyyətinin iradəsini özündə əks etdirərək, qətiyyətlə həyata keçirdiyiniz dövlətçilik xəttinin, dərin sosial-iqtisadi islahatların, ardıcıl yeritdiyiniz xarici siyasətin tam dəstəkləndiyini nümayiş etdirir. Şadam ki, Sizin başçılığınız ilə dost Rusiya artıq yeni inkişaf yoluna çıxaraq, dünya birliyində öz nüfuzunu möhkəmləndirməkdədir.
Əminəm ki, tarixən dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamış xalqlarımızın mənafeyinə uyğun olaraq, Azərbaycan ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, geniş miqyaslı əlaqələrimiz bundan sonra da bütün sahələrdə inkişaf edərək, strateji tərəfdaşlığımızın dərinləşməsinə xidmət edəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə bir daha öz təbriklərimi yetirərək möhkəm cansağlığı, xoşbəxtlik, dost Rusiyanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 15 mart 2004-cü il.