İQTİSADİYYAT
Rusiya ilə dövlət sərhədinədək olan avtomobil yolu 16 kilometr qısalacaq
![Rusiya ilə dövlət sərhədinədək olan avtomobil yolu 16 kilometr qısalacaq](/files/2014/2/1200x630/14087124583573129017_1200x630.jpg)
Bakı, 16 iyul (AZƏRTAC). Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni yolun tikintisi davam etdirilir.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, Şabran rayonunun Gəndov qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanan yolun uzunluğu 60 kilometr olacaq. Layihəyə əsasən 8 yol ötürücüsü, 15 körpü, kəndlərarası yollarda 16 su-boru keçidi, həmçinin beynəlxalq qaz və neft boruları üzərində 7 yükgötürücü, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğular quraşdırılacaq.
Yol boyu torpaq işlərinin 80 faizi görülüb, 8 kilometr məsafədə iki qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90 faizi tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik üzrə davam etdirilir. Yeni salınan avtomobil yolu Rusiya ilə dövlət sərhədinədək olan məsafəni 16 kilometr qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək.