RUSİYA SƏFİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, səfirliyin mətbuat xidmətinin başçısı Gennadi Yevsyukov görüşü açaraq, ilk növbədə, Azərbaycan jurnalistlərinin “Novosti” agentliyinin dəvəti ilə Moskva səfərindən, burada keçirilən müxtəlif səviyyələrdə görüşlərdən danışmışdır.
A.Kasayev çıxışında onların Bakıya səfərinin məqsədi üzərində ətraflı dayanmış, bunun Rusiya dövlət agentliyinin Azərbaycanda nümayəndəliyinin açılmasının nəzərdə tutulması ilə bağlı olduğunu bildirmişdir. Qonaq “Novosti” agentliyinin yaranması tarixindən, keçdiyi şanlı yoldan söhbət açmış, paytaxtımız, onun sakinləri, Prezidentin İcra Aparatında, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-da, qəzet redaksiyalarında və televiziyada keçirdikləri görüşlər barəsində təəssüratını böyük məmnuniyyətlə görüş iştirakçıları ilə bölüşmüşdür.
Moskvalı qonaqlar onların görüşünə gələn və Azərbaycan televiziyasını, informasiya agentliklərini və qəzetləri təmsil edən kütləvi informasiya vasitələri işçilərinin bütün suallarına böyük məmnuniyyətlə cavab vermişlər.
Xoş ünsiyyət ab-havası, verilən suallar və onlara cavablar vacib bir məsələdən - Azərbaycan-Rusiya münasibətlərini bütün sahələrdə jurnalist fəaliyyəti ilə daha da möhkəmləndirmək və genişləndirmək kimi qarşılıqlı, çox böyük və səmimi arzudan xəbər verirdi.