RUSİYA SİYASƏTÇİLƏRİ AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN LEGİTİMLİYİNƏ ŞÜBHƏ ETMİRLƏR
Sənəddə deyilir ki, Rusiya beynəlxalq müşahidəçilər qrupunun tərkibində təxminən 300 müşahidəçisinin fikrinə əsaslanaraq, seçkilərlə bağlı öz ixtisaslı rəyini vermişdir. Seçkilərdə pozuntular müşahidə olunmuşdur, lakin heç bir seçki pozuntusuz keçirilmir və onların miqyası nəticələrin legitimliyini və seçkilərin hamı tərəfindən qəbul olunmuş standartlara müvafiqliyini şübhə altına almağa imkan vermir, mövcud pozuntu halları isə seçkilərə təsir göstərə bilməz.
Bu fikri Rusiyanın bir çox siyasi xadimləri bölüşürlər. Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, beynəlxalq müşahidəçilərin rəylərinin hələlik bir-birindən fərqlənməsinə baxmayaraq, baş tutmuş seçkilərin legitimliyi heç vəchlə şübhə altına alına bilməz. O demişdir: “Bəzi qüsurları hələ aradan qaldırmaq lazım gələcəkdir. Göründüyü kimi, bu, elə Azərbaycanın hakimiyyət orqanlarının da niyyətidir. Seçkilər baş tutmuşdur və onun nəticələrini şübhə altına almaq üçün əsas yoxdur”. K.Kosaçovun sözlərinə görə, müxalifətin adamları küçələrə çıxarmaq yolu ilə səsvermənin yekunlarını ləğv etmək cəhdləri hazırda vəziyyəti gərginləşdirmək təsiri bağışlayır.
Dövlət Duması Təhlükəsizlik komitəsinin üzvü Nikolay
Leonov demişdir ki, Azərbaycanda heç bir “narıncı inqilab”ın baş verməyəcəyinə əmindir. “Ukrayna ilə Gürcüstan ayrı məsələdir, Azərbaycanda isə heç bir inqilab olmayacaqdır. Qərb də belə bir inqilaba yol verməyəcək, onu dəstəkləməyəcəkdir. Zənnimcə, hazırda Azərbaycan Qərbin planlarında böyük rol oynayır, çünki Bakı-Tbilisi-Ceyhan layihəsi həyata keçirilir və əlbəttə, Azərbaycan böyük məbləğdə xarici sərmayə cəlb edəcəkdir. Bir sözlə, indi Azərbaycanda başqa bir vəziyyət yaranmışdır.