Rusiya sülhməramlılarına aid avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib
Şuşa, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 62-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 46 maşınının, həmçinin BQXK-nə məxsus 12 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.