RUSİYA VƏ ÖZBƏKİSTAN TƏRƏFLƏRDƏN BİRİNƏ QARŞI TƏCAVÜZ TƏQDİRİNDƏ QARŞILIQLI YARDIM HAQQINDA RAZILIĞA GƏLMİŞLƏR
Sənəddə deyilir: “Tərəflərdən birinə qarşı hər hansı dövlət tərəfindən təcavüz aktı törədilərsə, bu, hər iki tərəfə qarşı təcavüz aktı kimi qiymətləndiriləcəkdir. Tərəflərdən birinə qarşı təcavüz aktı törədilərsə, digər tərəf ona lazımi kömək, o cümlədən hərbi yardım edəcək, habelə öz sərəncamındakı digər vasitələrlə onu dəstəkləyəcəkdir”.
Müqavilə tərəflərə hər iki ölkənin ərazisindəki hərbi bazalardan və obyektlərdən istifadə etmək hüququ verilməsinin mümkünlüyünü şərtləndirir. Bundan başqa, “tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq, silahlı qüvvələrin modernləşdirilməsi və yenidən təşkili, onların müasir silah və hərbi texnika ilə təmin edilməsi, döyüş hazırlığının yüksəldilməsi məsələlərində, habelə bu sahədə digər istiqamətlərdə geniş qarşılıqlı fəaliyyət göstərirlər”.
Rusiya və Özbəkistan mövcud beynəlxalq praktikanı nəzərə alaraq, müqavilədə ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi və təkmilləşdirilməsi qaydasını da təsbit etmişlər.
Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti ilə Özbəkistan Daxili İşlər Nazirliyi arasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə və prekursorlara nəzarətdə əməkdaşlıq haqqında saziş, hər iki ölkənin ticarət-sənaye palataları arasında əməkdaşlıq haqqında saziş də imzalanmışdır.