Rusiyanın ali məktəbləri ADİU ilə əlaqələrini genişləndirir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dosenti Xankişi Xankişiyev Ural Federal Universitetinin dəvəti ilə, Rusiyanın Yekaterinburq şəhərində “Sənaye aqlomerasiyalarının təhlükəsizliyinin tibbi-sosioloji və psixoloji aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda X.Xankişiyevin “İctimaiyyətlə əlaqələrin müasir texnologiyalarının inkişafı şəraitində sosial cavabdehliyin funksiyaları” mövzusunda məruzəsi dinlənilib.
Tədbir çərçivəsində ADİU-nun əməkdaşı Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Silin Yakovla görüşüb. Hər iki ali məktəb arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Ural Dövlət Tibb Universitetinin rektoru, professor Sergey Kutepovla görüşdə də neyroiqtisadiyyat və ADİU-nun texnoloji fakültələri ilə sağlam qida - sağlam həyat istiqamətində birgə elmi tədqiqatlar aparılması barədə müzakirələr aparılıb.
Ural Federal Universitetinin rektoru Viktor Kokşarov və Macarıstanın Semmelvais Universitetinin Sosiologiya İnstitutunun direktoru, professor Beata David də ADİU ilə təhsil, nəzəri və fundamental elmlər sahəsində əməkdaşlıq etməkdə, birgə forumların keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Konfransda Azərbaycan ilə yanaşı, Polşa, Macarıstan və Rusiya ali məktəblərinin nümayəndələri də iştirak ediblər.