Saatlıda dini maarifləndirmə işinin təşkilinə dair seminar-treninq işə başlayıb
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Saatlı Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova, Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, məktəb psixoloqları və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, eləcə də gənclər iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Reyhan Ocaqova mövzunun əhəmiyyətinə toxunub. Vurğulayıb ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri radikal dini qrupların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin onlara düzgün çatdırılmasına xüsusi əhəmiyyət verilməlidir.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin prioritet istiqamətləri olduğunu bildirib.
Maarifləndirmə məqsədilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən Gündüz İsmayılov təəssüflə vurğulayıb ki, bəzi hallarda cəmiyyətdə Azərbaycanın tərəqqisini qəbul edə bilməyən, milli dövlətçiliyimizə qarşı çıxan, din pərdəsi altında gizlənən bəzi radikal qrupların xurafat meyillərinin gücləndirilməsi cəhdlərinə rast gəlinir. “Bu baxımdan dövlətçiliyimizi və milli mənəvi dəyərlərimizi qorumaq, eləcə də təbliğ etmək Dövlət Komitəsinin fəaliyyətində başlıca vəzifələrdən biridir”, - deyə sədr müavini əlavə edib.
G.İsmayılov bu cür tədbirlərin keçirilməsinin milli mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda, radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu diqqətə çatdırıb.
Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.