Saatlıda “Şuşa İli” çərçivəsində konsert proqramı təqdim edilib
Saatlı, 27 may, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilən tədbir təşkil olunub.
Sabirabad Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, açıq havada keçirilən tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayonun müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin sərgisinə baxış keçirilib. Sonra tədbir bədii hissə ilə davam edib və bir-birindən maraqlı rəqslər, kompozisiyalar və musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.