“Sabah” klubunun legionerləri milli komandalara dəvət alıblar
Bakı, 9 oktyabr, AZƏRTAC
“Sabah” komandasının legioner futbolçuları - Davit Volkov, Vinsent Till və Jarl Marqarita öz ölkələrinin milli komandalarına dəvət alıblar.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, D.Volkov Gürcüstan, V.Till Lüksemburq, J.Marqarita isə Kurasao yığmasına çağırılıb.
Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, 15-də isə AVRO-2024-ün seçmə mərhələsində evdə Kipr yığması ilə qarşılaşacaq. Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə İslandiyanın qonağı olacaq, 16-da isə evdə Slovakiyanı qəbul edəcək. Kurasao yığması isə KONKAKAF Millətlər Liqasında oktyabrın 14-də evdə Panama, 18-də isə Trinidad və Tobaqo millisi ilə üz-üzə gələcək.