“Sabahın alimləri” müsabiqəsində paytaxt üzrə 20 layihə iştirak etmək hüququ qazanıb
Bakı, 9 fevral, AZƏRTAC
“Sabahın alimləri” X Respublika müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 20 layihə iştirak etmək hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə buraxılan “Eylerin doqquz nöqtə çevrəsinin isbatı”, “Koordinat metodu ilə həndəsə məsələlərinin yeni metodu”, “Yeni nəsil maye kristal displeylərin enerji sərfiyyatının azaldılması metodu”, “Atmosfer azotundan nanohissəciklər vasitəsilə ammonyakın alınması”, “Orqanizmin canlı 3D formatı və əlaqələndirmə”, “COVID-19”a yoluxan xəstələrin aşkar edilməsi və hospitalizasiyası üçün internet xidmətinin təşkili”, “Təhlükəsiz tərəzi” və digər layihələr Elmi Ekspertiza Komitəsi tərəfindən uyğun hesab olunub.
Qeyd edək ki, IX-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqəyə Bakı şəhəri üzrə ümumilikdə 55 layihə təqdim olunub.
Xatırladaq ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilməyə başlanılıb. Müsabiqə ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Intel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.