Sadiq Qurbanov: Kitab Azərbaycanın neft tarixinin müxtəlif mərhələlərini sistemli şəkildə əhatə edir VİDEO
Bakı, 11 fevral, Günel Alıyeva, foto İlkin Cavanşirov, AZƏRTAC
“Neft və Davamlı inkişaf: Azərbaycan enerji strategiyası” kitabı üç cilddən ibarətdir və Azərbaycanın neft tarixinin müxtəlif mərhələlərini sistemli şəkildə əhatə edir. Birinci hissədə Azərbaycan neftinin qədim dövrlərdən başlayaraq bu günədək keçdiyi inkişaf yolu təqdim olunur. Burada neft uğrunda aparılan mübarizə, okeanın o tayından ölkəmizə gələn xarici iş adamlarının fəaliyyəti, eləcə də Azərbaycanda neft sənayesi ətrafında formalaşmış iqtisadi və sosial münasibətlər sistemi geniş şəkildə təhlil edilir. Xüsusilə Azərbaycanın ilk neft sərmayədarları barədə məlumatlar var kitabda.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, “Neft və Davamlı inkişaf: Azərbaycan enerji strategiyası” kitabının müəllifi Sadiq Qurbanov bildirib.
Onun sözlərinə görə, kitabın növbəti bölməsində I və II Dünya müharibələri dövründə Azərbaycan neftinin strateji əhəmiyyətinə toxunulur. Statistik rəqəmlər əsasında göstərilir ki, Azərbaycan nefti həmin dövrlərdə nə qədər iqtisadi gəlir gətirib və eyni zamanda faşizmə qarşı mübarizədə mühüm dayaq rolunu oynayıb. Eyni zamanda, əsərdə sovet dövründə neft sənayesinin Azərbaycanın inkişafına verdiyi töhfələr də təqdim olunur.
Müəllif vurğulayıb ki, kitabda neft amilinin Azərbaycanın davamlı inkişaf modelində oynadığı rol da geniş şəkildə təhlil edilir.
“Bu gün Azərbaycan davamlı inkişaf edən bir ölkədir və bu inkişafın təməlində, təbii ki, neft amili və onun düzgün idarə olunması dayanır. Bu siyasətin əsası 1994-cü ildə “Əsrin müqaviləsi” ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub”, – deyə S.Qurbanov qeyd edib.
Deputat vurğulayıb ki, kitabda neft gəlirlərinin müasir dövrün əsas çağırışlarından biri olan yaşıl enerjiyə və bərpaolunan enerji mənbələrinə keçid prosesinə yönəldilməsi məsələsinə də xüsusi yer ayrılıb. O qeyd edib ki, əsərdə bütün bu məsələlər kompleks şəkildə təhlil olunaraq oxucuya çatdırılıb və Azərbaycanın enerji strategiyasının davamlı inkişaf kontekstində ümumi mənzərəsi təqdim edilib.