ABŞ Vitse-prezidentinin səfəri TRIPP layihəsinin inkişaf perspektivlərini ön plana çıxarıb - ŞƏRH
Bakı, 11 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin rəsmi səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində həyata keçirilən görüşlər və müzakirələr regional iqtisadi əməkdaşlığın, xüsusilə TRIPP layihəsinin inkişaf perspektivlərini ön plana çıxarıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər irəli sürülüb.
“Enerji sektoru, nəqliyyat-logistika və rəqəmsal iqtisadiyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi prioritet sahələr kimi müəyyən olunub. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılması və bərpaolunan enerji layihələrinə ABŞ-ın marağı əməkdaşlığın əsas istiqamətlərindəndir. Eyni zamanda, ABŞ şirkətləri texnologiya, investisiya və sənaye sahələrində Azərbaycan bazarına aktiv şəkildə daxil olmaq imkanlarını nəzərdən keçirir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, Orta Dəhliz vasitəsilə ticarət marşrutlarının genişləndirilməsi, multimodal nəqliyyat sistemlərinin inkişafı, regionda iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Azərbaycan, Naxçıvan və Türkiyə arasında birbaşa nəqliyyat əlaqəsini təmin edən beynəlxalq dəhlizdir. Layihə həm regional iqtisadi inteqrasiyanı gücləndirir, həm də sülh və sabitliyin təmin olunmasına töhfə verir. TRIPP layihəsi vasitəsilə Azərbaycan tranzit və logistika mərkəzinə çevrilir, Avropa və Asiyanı birləşdirən ticarət marşrutları genişlənir, enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində modernləşmə sürətlənir, regional əməkdaşlıq və iqtisadi inteqrasiya güclənir. ABŞ-ın layihəyə dəstəyi, həm iqtisadi, həm də geosiyasi baxımdan regionun inkişafı və sabitliyi üçün yeni imkanlar yaradır”, - deyə deputat vurğulayıb.
A.Hüseynov qeyd edib ki, Azərbaycan-ABŞ əməkdaşlığı və TRIPP layihəsi ölkəmizin regionda iqtisadi mərkəzə çevrilməsi, investisiya mühitinin genişləndirilməsi və kommunikasiya xətlərinin inkişafı baxımından əhəmiyyətlidir: “Eyni zamanda, layihə Cənubi Qafqazda geosiyasi tarazlığı möhkəmləndirir, alternativ ticarət və tranzit marşrutları yaradır, ABŞ-ın regiondakı rolunu gücləndirir. Vitse-prezident Vensin Bakıya səfəri Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təsdiqləyir. Enerji, texnologiya və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı, TRIPP layihəsinin həyata keçirilməsi ölkəmizin iqtisadi potensialını artırır, regional sabitliyi gücləndirir və Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi rolunu möhkəmləndirir”.