Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9 faiz artıb
Bakı, 11 fevral, AZƏRTAC
2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 268,4 milyon dollar təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə fevral sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, ötən ay yeyinti məhsulları üzrə ixrac 22,6 faiz artaraq 103 milyon dollara bərabər olub.
İcmala əsasən, cari ilin birinci ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 169,3 faiz, pambıq iplik 137,6 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 90,8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 39,5 faiz, meyvə-tərəvəz 32,1 faiz, pambıq lifi 23,2 faiz, çay 20,9 faiz, spirtli və spirtsiz içkilər 14,2 faiz artıb.
2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6 faiz artaraq 85,7 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 21,9 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8 faiz artaraq 107,6 milyon dollar təşkil edib.