“SAĞALMAZ YARAMIZ XOCALI” MÖVZUSUNDA SƏRGİ KEÇİRİLMİŞDİR
Sərgidə Xocalı faciəsinə həsr olunmuş 100-dən artıq kitab nümayiş etdirilir.
Mədəniyyət Nazirliyi ilə Dövlət kitabxanasının birgə keçirdiyi tədbiri kitabxananın direktoru Leyla Qafurova açaraq bildirdi ki, tarixdə elə hadisələr baş vermişdir ki, onlar heç vaxt unudulmur. Xocalı faciəsi də belə hadisələrdəndir. Bu faciəni törətməklə məkrli məqsəd güdən erməni millətçiləri xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq istəyirdilər. Lakin Xocalı müdafiəçiləri bu mübarizədə qəhrəmanlıqla vuruşdular, Vətənə sədaqətlərini bir daha sübut etdilər.
Mədəniyyət naziri Polad Bülbüloğlu bildirdi ki, ötən 12 ildə dünyada oxşarı olmayan Xocalı faciəsinə həsr edilmiş bu kitabların çoxu bədii əsərlər və xatirələrdir. Yaxşı olardı ki, Azərbaycan dilində buraxılmış bu kitablar xarici dillərə tərcümə edilsin, hadisə ilə bağlı inkarolunmaz faktlara əsaslanan tədqiqat əsərləri yazılsın. Bu faciə beynəlxalq aləmə hələ lazımınca çatdırılmayıbdır. Ona görə də istər yazıçılarımız, istərsə də elm adamlarımız sağalmaz dərdimiz olan Xocalı faciəsi qarşısında çox borcludurlar.
Xocalıya həsr olunmuş şer müsabiqəsinin qalibi, kitabxananın əməkdaşı şairə Xuraman bu mövzuda şerlərini oxudu.
Tədbirdə Xocalı rayon mədəniyyət şöbəsinin müdiri Hüseyn Məşədiyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına xocalılılar adından minnətdarlığını bildirdi.