Şagirdlər “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda intellektual yarışda mübarizə aparıblar
Bərdə, 14 aprel, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışmasına start verilib. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdədə keçirilən yarışmada əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ceyhun İsmayılzadə, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsiyyə Abbaszadə, Bərdə Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova və Bərdə rayon təhsil sektorunun əməkdaşı Vüsal Quliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısında xidmətlərindən danışıblar. Bildirilib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycanın dövlət müstəqilliyi məhz dahi rəhbərin sayəsində əbədi və dönməz xarakter alıb.
Bilik yarışmasının müsabiqə mərhələsində hər şəhər və ya rayon üzrə 4 komanda müəyyənləşdirilib. İlkin müəyyənləşdirilən komandaların hər birinin öz rayon və ya şəhərlərində yarışmaları nəzərdə tutulub. Rayon və şəhərlər üzrə qalib komandalar yekunda regional idarəyə dəvət olunacaq və final mərhələsi baş tutacaq.
Bərdə rayonunda keçirilən yarışmanın nəticəsinə görə final mərhələyə Akademik Zərifə Əliyeva adına texniki təmayülü məktəb-liseyinin “Zəfər lideri” və 8 nömrəli tam orta məktəbin “Sabahın nuru” komandaları çıxıb. Finalda “Zəfər lideri” komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Yarışda iştirak etmiş komandalar Regional İdarə tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.