ŞAGİRDLƏRİMİZ AMERİKADA VƏTƏNİMİZİ LAYİQİNCƏ TƏMSİL ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransı Amerika Beynəlxalq Təhsil Şurasının (ACCELS) ölkə üzrə direktoru Ceremi Taş açaraq həyata keçirilən proqramın mahiyyətindən danışmış, həm təhsilini başa vurub qayıtmış, həm də növbəti tədris ilində Amerikaya gedəcək şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. O qeyd etmişdir ki, Amerika Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramı artıq 12 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycandan 450-dən çox şagird ABŞ-da bir il müddətində orta məktəblərdə təhsil almış, eləcə də Amerika ailələrində yerləşdirilərək bu xalqın mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmuşlar. Sevindirici haldır ki, ötən illərdən fərqli olaraq Azərbaycan məktəblərinin 9, 10, 11-ci sinifləri arasında keçirilmiş builki müsabiqədə 2 mindən çox şagird iştirak etmişdir.
Təhsil naziri Misir Mərdanov şagirdləri təbrik edərək dedi: “Bu proqramın həyata keçirilməsi ABŞ-Azərbaycan əməkdaşlığının bir hissəsidir. Çox sevinirəm və qürur duyuram ki, bizim belə yüksək intellekt səviyyəsinə malik olan gənclərimiz var. Onlar öz ölkələrini ABŞ kimi bir dövlətdə layiqincə təmsil etmiş və böyük uğurlarla qayıtmışlar”. Nazir həmçinin növbəti təhsil ilində Amerikaya gedəcək şagirdlərə respublikamız, onun tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, ən ağrılı dərdimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 1 milyondan artıq qaçqın və köçkünlərimizin problemləri haqqında ətraflı məlumatlar, sənədlər, kassetlər və s. toplamağı, bütün bunları Azərbaycan barəsində o qədər də məlumatları olmayan ABŞ ictimaiyyətinə çatdırmağı tövsiyə etmişdir.
Şagirdlər Amerikada oxuduqları, yerləşdirildikləri ailələrdə olduqları müddətdə aldıqları gözəl təəssürat, qazandıqları uğurlardan, iki ölkənin təhsil sistemindəki oxşar və fərqli cəhətlərdən danışmışlar. Çıxış edənlər bildirmişlər ki, hansı ştatda olmalarından asılı olmayaraq həmişə Azərbaycanı, onun tarixini, həqiqətlərini həmyaşıdlarına, “ailə üzvləri”nə düzgün şəkildə çatdırmağa çalışmış, milli ənənələrimizi təbliğ etmişlər. Şagirdlərimiz doğrudan da yüksək bilik və bacarığa, zəngin dünyagörüşə malik olduqlarını, öz vətənlərinin adını həmişə uca tutduqlarını bir daha təsdiqləmişlər.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Nil Makgörti iştirak etmişdir.