Sahibkarlığın İnkişafı Fondu sahibkarlar arasında müsabiqə keçirəcək
Bakı, 28 fevral, Pərvanə Rəhimova, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iş adamlarının investisiya layihələrini güzəştli qaydada maliyyələşdirməklə yanaşı, onların maarifləndirilməsi, digər sahibkarlarla əlaqələrinin qurulması, eyni zamanda, korporativ sosial məsuliyyət prinsipinə uyğun olaraq sahibkarlara, xüsusilə da təşəbbüskar gənclərə şərait yaradılması, onların dəstəklənməsi üçün müsabiqə keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini bildirib, müsabiqənin nəticəsində innovativ düşüncəyə malik gənclər, startapçılar seçiləcək və fond onların fəaliyyəti üçün şərait yaradacaq: “Bu məqsədlə fondda “Biznes İnkubasiya Mərkəzi” fəaliyyət göstərəcək. Sahibkarlar startap ideyalarının kommersiyalaşdırılması ilə bağlı mövcud imkanlardan istifadə edəcəklər. Sahibkarlığın İnkişafı Fondu da bu istiqamətdə onları dəstəkləyəcək”.
S.Məmmədov bildirib ki, Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət Mərkəzi”nin yaradılmasının əsas məqsədi fondun kreditlərindən istifadə qaydaları, müvəkkil kredit təşkilatları və əldə olunmuş uğurlu təcrübələr barədə sahibkarları məlumatlandırmaq, onlara lazımi məlumatları operativ qaydada çatdırmaq, iş adamlarını maarifləndirməkdir: “Hesab edirik ki, bu cür dəstək mexanizmləri vasitəsilə sahibkarlarımız dövlətin güzəştli kreditlərinə çıxış imkanları barədə ətraflı məlumat əldə edəcəklər. Bu da onların növbəti layihələrinin maliyyələşdirilməsində vacib addımlardan biri olacaq”.