Sahil Babayev: Əmək müqavilələrinin sayının ümumi məşğulluqda payı azdır
Bakı, 21 dekabr, AZƏRTAC
İstənilən dövlətdə rifahın təməli məhz məşğulluğun genişlənməsi ilə bağlıdır. Bu cəhətdən də inanıram ki, əldə etdiyimiz nailiyyətlər heç də son deyil. Görüləcək kifayət qədər iş var. Bu gün hələ də bizim üçün bir sıra çağırışlar mövcuddur. Azərbaycanda əmək müqavilələrinin sayının ümumi məşğulluqda payı azdır. Ümumi əmək müqavilələrinin sayında dövlət sektorunun payı çoxdur. Burada da hədəflərimizdən geriyik. Muzdlu işləyən şəxslərin içərisində ixtisaslı işçi qüvvəsinin sayı azdır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, ölkə başçısı tərəfindən təsdiq olunmuş 2022-2026-cı illər üzrə strateji sənəddə məhz bu hədələr qeyd edilib: Məşğulluğun genişləndirilməsi çox kompleks bir məsələdir. İstənilən dövlətin qarşısında duran ən önəmli çağırışlardan biridir. Hər il 100 mindən çox gəncimiz əmək bazarına qoşulur. Ona görə də həmin gənclərin yenilənən əmək bazarının tələblərinə uyğun hazırlanması, onlara cari dövr üçün aktual olan peşə və ixtisasların verilməsi ən önəmli hədəflərdən biri olacaq. Paralel olaraq inzibati praktika və təcrübələrimizi inkişaf etdirməli, müxtəlif rəqəmsal alətlərin tətbiqini genişləndirməliyik. Bunlar arzuladığımız nəticələrə gətirib çıxaracaq”.