Salyan şəhərində “Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) və Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Salyanda “Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi keçirilib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, zona müşavirəsində Gənclər Birliyinin sədri Seymur Orucov, YAP icra katibliyinin zona üzrə kuratoru Ramil Mirzəyev, partiyanın Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Qobustan, Şamaxı, Ucar, Zərdab rayon təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak ediblər.
Əvvəlcə qonaqlar partiyanın qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Zona müşavirəsində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Salyan rayon təşkilatının sədri R.Cəbrayılov tədbirdə çıxış edərək 2018-ci ilin ötən dövründə respublikamızın, eləcə də partiyanın həyatında baş verən yaddaqalan tarixi hadisələrdən danışıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gəncləri Milli Qurtuluş Günü münasibətilə təbrik edərək həmin tarixi gündən ötən 25 il ərzində Azərbaycan gəncliyinin inkişafında dövlətimizin başçısı İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, ölkəmizin firavan gələcəyinin intellektli, geniş dünyagörüşlü, vətənpərvər və savadlı gənclərdən asılı olduğunu vurğulayıb.
Zona müşavirəsində iştirak edən gənclər çıxışlarında tarixi keçmişimizi bir daha yada salaraq, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildiriblər.