Şamaxıda sərbəst güləş üzrə yeniyetmələrin V açıq respublika turnirinin açılış mərasimi keçirilib
Şamaxı, 29 sentyabr, AZƏRTAC
Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə V açıq respublika turnirinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Kikboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, Ukrayna Güləş Federasiyası Assosiasiyasının prezidenti Elbrus Tedeyev, veteran güləşçi Oleq Krapivin, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov çıxış ediblər.
Çıxışlarda dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb. Bildirilib ki, bunun nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyinin geniş qeyd olunduğunu vurğulayan natiqlər ötən müddətdə ölkəmizin Olimpiya hərəkatının, eləcə də idmanın inkişafı istiqamətində qazandığı nailiyyətlərdən bəhs ediblər.
Tədbirdə Azərbaycanda güləşin inkişafında Oleq Krapivinin mühüm xidmətləri diqqətə çatdırılıb, onun xatirəsinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda Oleq Krapivin Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunub.
Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.