CƏMİYYƏT
Sankt-Peterburqda Azərbaycanın Zəfər bayramı və Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Sankt-Peterburq, 13 noyabr, AZƏRTAC
Sankt-Peterburqda Azərbaycanın Zəfər bayramı və Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu və MDB Parlamentlərarası Assambleyası Şurasında Azərbaycan Milli Məclisi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatlar, Rusiyada fəaliyyət göstərən türkmən, əfqan, qımıq (kumık) və tatar diaspor təşkilatlarının nümayəndələri, həmçinin Sankt-Peterburqun ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib.
Tədbiri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini - Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov açaraq, Azərbaycan xalqının Qarabağın azadlığı uğrunda keçdiyi çətin yoldan, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı Qələbədən bəhs edib. O, həmçinin Azərbaycan Konstitusiyasının qəbul olunmasını müstəqillik tariximizin ən mühüm hadisələrindən biri, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidməti kimi dəyərləndirib.
Daha sonra baş konsul vəzifəsini müvəqqəti icra edən Rəhim Rəhimzadə çıxış edərək İkinci Qarabağ müharibəsində Qələbəmizin Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsi olduğunu bildirib.
Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Özgün Talu qardaş ölkələrimiz arasında sıx əlaqələrdən danışıb, rəsmi Ankaranın daim Azərbaycanı dəstəklədiyini vurğulayıb. Diplomat çıxışını “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tezisi ilə tamamlayıb.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov çıxışında Rusiya-Azərbaycan münasibətlərinin inkişaf mərhələlərinə nəzər salıb.
Rəsmi hissədən sonra beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov “Zəfər nəğməsi” və Müslim Maqomayevin “Azərbaycan” mahnılarını ifa edib, Vətən müharibəsinin etnik rus qəhrəmanları barədə film nümayiş olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq