Sara Axundova: Məsuliyyət çox mühüm amildir
Bakı, 8 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC
2021-ci ilin mayında həmyerlimiz, Türk dünyasının ilk qadın vəkili, beynəlxalq qadın hərəkatının parlaq nümayəndələrindən biri Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi” adlı xatirə kitabının təqdimatı olub. 2022-ci ildə isə “YARAT” Müasir İncəsənət Mərkəzində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş qısametrajlı film çəkilib. Bu gün “Bir ömür belə keçdi” adlı xatirələr kitabı türkcədən Azərbaycan dilinə uyğunlaşdırılıb. Nəşr ingilis dilinə də tərcümə olunub və Sara Axundovanın dediyi kimi, “Ağaoğlu” İctimai Birliyi onu Azərbaycanın dünyadakı səfirliklərində təqdim etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, zorakılığa məruz qalan qadın və uşaqlar üçün müvəqqəti sığınacaq layihəsi də təqdim olunub. Qərbdə yayılmış belə qurumlar hazırda Azərbaycanda da açılır. Layihənin təşəbbüskarı, “Ağaoğlu” İctimai Birliyinin sədr müavini Sara Axundova həmin axşam psixoloji, hüquqi və tibbi yardımların göstəriləcəyi müasir sığınacaq yaradılması konsepsiyasından və bu sığınacağa həyatını qadın və uşaqların hüquqlarını müdafiə etməyə həsr etmiş Türk dünyasının ilk qadın hüquqşünası Sürəyya Ağaoğlunun adının verilməsi niyyətindən danışıb.
Bu gün sığınacaq daimi “qeydiyyat” alır və ayrıca binanın tikintisi başa çatan kimi, tezliklə öz qapılarını açacaqdır. Vəkillər Kollegiyası Bakıda Sürəyya Ağaoğlunun adı ilə ilk konfransını keçirib və 2023-cü ildən başlayaraq, bu tədbir hər il təşkil ediləcək. Keçmiş məcburi köçkünlərin uşaqları üçün uşaq bağçası da nəzərdə tutulub. Sara Axundovanın dediyi kimi, qurumun yaranma tarixi Sürəyya Ağaoğlu haqqında verilişin çəkilişindən sonra başlayıb.
S.Axundova deyir: “Mən bu layihəyə keçmişlə üzləşərək köklərimizə istinad edərək, əcdadlarımdan böyük ilham alaraq başladım. Sanki kimsə bütün bu müddət ərzində mövcud tarixin tozunu siləcək, kitabları daha səliqəli və müasir şəkildə rəflərə qoyub düzəcək birinin peyda olmasını gözləyirdi. Görünür, mən lazımi yerdə, lazımi anda meydana çıxan bu insan oldum. Hər bir yeni iş və yeni layihə mənə bir çox cəhətdən kömək etmək üçün yuxarıdan göndərilmiş mələklər kimi qəbul etdiyim insanlarla müşayiət olunurdu. Kitabı ərsəyə gətirməkdə əsas məqsəd odur ki, öz gözəlliyi ilə Azərbaycanın qürur mənbəyi olan və tarixə mütərəqqi fikirli görkəmli şəxsiyyətlər, o cümlədən qadınlar bəxş edən Şuşanın Cıdır düzü döngəsində dünyaya göz açan bir qızın keçdiyi çətin həyat yolundan bütün dünyanın xəbəri olsun.
- Bəlkə qadının bir çox problemləri müstəqillik nümayiş etdirməyə çalışdığı üçün yaranır? Kişilər bunu, sadəcə olaraq, sosial klişelərə görə dərk etmirlər?
- Qadın, ümumiyyətlə, müstəqil olmamalıdır! Düzünü desəm, bu bədnam feminizmi saf formada bəyənmirəm. Mən bunu qəbul etmirəm. Bu mövzu məni də düşündürüb. Təbii ki, qadının müstəqilliyini inkar etmək olmaz. Ancaq o, başa düşməlidir ki, arxasında bir kişinin olması daha yaxşıdır. Hətta böyüsən belə. Eyni zamanda, psixologiyaya görə, qadın kişidən yarım addım öndə getməlidir. Çünki bu, ən düzgün tənzimləmədir. “Dirsəklərlə” toqquşmamaq üçün onun yanında addımlamaq olmaz. Arxada da olsan, o zaman özünü "kor nöqtədə" taparsan. Qadın kişidən yarım addım öndə olduğu halda, o, vəziyyəti idarə edə və istənilən "çağırışa" vaxtında cavab verə bilər ki, bu da həyat yoldaşına inam və rahatlıq verir. Düzdür, bunun üçün insanlar öz ortaqlığını düzgün qavrayıb dərk etməyi bacarmalı, sağlam fikirlə özünə hörmət etməlidir. Məncə, təkcə onunla deyil, həm də özünü təmin edən, hətta özünü tənqid edən kişi qadının zərif cinsin nümayəndəsi olaraq qalmasına və özünü müstəqil insan kimi ifadə etməsinə imkan verə bilər. Müəyyən həyat vəziyyətlərində ümumi qəbul edilmiş standartlara görə, kişi-qadın tandeminin məcburi olmasına baxmayaraq, bəzən ondan uzaqlaşa bilərsiniz. Bəzən elə olur ki, qadın təkbaşına çətinliklərin öhdəsindən kifayət qədər uğurla gəlir.
- Müasir reallıqlar sübut etdi ki, qadın əqli müstəvidə reallıqlara daha tez uyğunlaşır. Kişi həll yolu axtararkən qadının “ana” rejimi işə düşür və sadəcə olaraq, uşaqlarını qorumaq üçün proqram həyata keçirməyə başlayır.
- Mübahisə edə bilməzsiniz... Başqa variantınız yoxdur. Siz dünyaya gətirdiyiniz insanlara cavabdehsiniz. Onların qarşısında böyük məsuliyyət daşıyırsınız. Baxmayaraq ki, “həyatım düz getməyib, indi özümü niyə qurban verirəm” deyərək övladlarını dayələrin üstünə atanlar da var. Amma bu, sənin öz üzərinə götürdüyün məsuliyyətdir...
- Nəsillər arasında əlaqə itib?
- Düşünmürəm... Uşaqları kiməsə həvalə etmək adi hala çevrilib. İnanıram ki, bu dünyaya yeni bir nəfəs gətirmək qərarına gələrkən, ilk növbədə, uşağın bütün formalaşması dövründə məsuliyyəti öz üzərinizə götürməyə hazır olmalısınız. Yenə də bu, başqalarına qarşı heç bir qınaq olmadan mənim öz fikrimdir. Ana olmaq bir nömrəli vəzifədir. Aydındır ki, burada həm asudə vaxt, həm də işləmək üçün yer var. Amma ən önəmlisi məncə, cəmiyyətə layiqli insan formalaşdırmaqdır.
- Sanki adi bir şirkət üçün məsuliyyət götürmək uşağınızla təkbətək olmaqdan daha asandır, qorxursan ki, öhdəsindən gələ bilməyəsən.
- İnanın, qızımızla münasibətimizdə çox şeylər müxtəlif cür olub. Sadəcə, hər şeyi danışmağa çalışmaq lazımdır. Övlad Allahın sizə verdiyi bir məsuliyyətdir və paralel olaraq baş verən hər şey - biznes və ya başqa bir ailə qurmaq, yaxud bədnam sosial həyat, övladın evdə dayə ilə olduğu və sadəcə onunla nə baş verdiyini bilmədiyim bir vaxtda haradasa tədbirdə olmaq da onu azaltmır. Bu, mənim üçün normal deyildi. Aydındır ki, övladımın yetkinlik yaşından sonra vəziyyət bir qədər dəyişdi. Ancaq uşağınızın inkişafında sizə ehtiyac duyduğu dövr həyatınızın ən vacib layihəsidir və qalan hər şey ən azı ikinci dərəcəlidir.
- Bəlkə insanlar danışmağı, göz-gözə baxmağı, canlı ünsiyyəti texnologiya ilə əvəz etdikləri üçündür?
- Başqalarının əvəzinə danışa bilmərəm, amma qızımla mənim hər zaman danışmaq, müzakirə etmək və əsaslandırmaq üçün bir mövzumuz var. O, ümumiyyətlə, uzun müddət susmağı sevmir. Mən ailədə sevdikləri ilə danışmadan masa arxasında qadcetlərlə oturanları başa düşmürəm. Ən azından narahatlıq doğuran bəzi şeylərdən danışmaq olar.
- Axı o zaman sığınacaq layihənizin əsasını təşkil edən hekayələr baş vermir.
- Tamamilə doğrudur! Layihənin özü də bu uşaqlara və qadınlara gələcəyə ümid vermək istəyindən yaranıb. Beləliklə, onlar qarşılaşdıqları çətinliklərə baxmayaraq, irəliləmək üçün "nəfəs" aldılar. Qoy onlar öz gələcəklərinin perspektivlərini görsünlər və evliliyi yalnız qurulmuş bir həyat və başqa bir məfhum kimi qəbul etməsinlər, dəhşətli hekayələrin təkrarı olmasın. Məşğulluqda yaş fərqini aradan qaldırmaq da lazımdır. Bəlkə həmin qadın sabah həyatın eniş-yoxuşlarını dəf edib əla rəssam, tikiş ustası və ya aşpaz olacaq. Seçim məhdudiyyətsizdir. Super beyinə sahib olmaq lazım deyil! Ancaq özünüzü tapın və sınmayın. Məsələn, bir çox sığınacaq uşaqları uşaq bağçalarında və hüquq-mühafizə orqanlarında - mühafizə və qəyyumluqda işləmək arzusundadır, həyatda öz məqsədlərinə nail olmaq istəyirlər. Robin Sharmanın bir kitabını xatırlayıram: yaxşı mehmanxanalardan birində aparıcı xidmətçi vəzifəsində işləyən, müəyyən müddət ərzində prezident lüksündən istifadə etmək hüququ alan bir qadının hekayəsindən bəhs edir. İşinizdə lider olmağa can atmalısınız. Hansı sahədə çalışmağın əhəmiyyəti yoxdur, amma gördüyünüz işi sevirsinizsə, özünüzə sərmayə qoyursunuzsa, cəhd edin, onda ardı mütləq gələcək. İşinizi həmişə yaxşı əhvali-ruhiyyədə və ümidlə yerinə yetirin. Belə olanda prosesin özü zövqlü olur.
- Amma təəssüf ki, kiminsə uğuruna “zəhər qatan” həmişə olacaq. Bundan əlavə, qadın cinsinə gender amilini də xatırladırlar.
-Buna görə də bu barədə danışmalıyıq. Buna hazır olun! Gender məsələsi maraq vasitəsilə gündəmə gəlir. Xüsusilə, qəribə də olsa, qadınların özləri arasında. Bu mövzuda bir çox suallara cavab verməyə qadir olan “Malena” filmi yada düşür.
- Həmişə başınızı dik tutaraq addımlayırsınız?
- Əslində, bununla bağlı deyil. “YARAT”da təqdim etdiyimiz, qızlardan birinin həyat hekayəsindən bəhs edən qısametrajlı film çəkdik. Bu filmin əsasında insana deyilən hər bir sözün birbaşa ona yönələn enerji olduğu ideyası var. Yetkinlər hələ də özlərini müdafiə edə bilirlər, uşaq isə mənfi hallarla mübarizə aparmağa çətin ki, hazırdır. Nəticədə onun psixikası zədələnir ki, bu da ölümlə nəticələnə bilər. Filmdə bunu göstərməyə çalışdıq. Mən hesab edirəm ki, böyüklərin uşaqlara qarşı aqressiv tənqidi cinayətdir! Xüsusən, uşağa böhtan atmaq! Əlverişsiz bir vəziyyətdə azyaşlıya özünü tapa bilməsi üçün kömək etmək lazımdır və onu "damğalamaq" olmaz. Mən bu layihədə iştirakına görə təmiz və mehriban qəlbli Kamran Ağabalayevə çox minnətdaram. O, məni Hacı Şahinlə tanış etdi, o, rəhmətə gedəndən sonra bunu yuxarıdan gələn bir mesaj kimi qəbul etdim. O zaman Kamranın Hacı Şahindən xeyir-dua alması vacib idi və o, bundan imtina etmədi. Onun iştirakı ilə uşaqlarla maarifləndirici söhbətlər aparmağı planlaşdırdıq. Çünki məncə, doğru yola qayıtmaq üçün bir növ iman lazımdır. Heyf ki, olmadı... Rəhmətə gedəndən sonra sosial şəbəkələrdə onun söhbətləri, müsahibələri paylaşılmağa başlayanda, belə bir qeyri-adi insanla tanış olmağın dəyərini anladım.
- Söhbətimizdə tez-tez “məsuliyyətli olmaq” postulatı gündəmə gəlir.
- Bu, yaşadığınız cəmiyyətin bir hissəsi olmaq məsuliyyətidir. Qızımla söhbətdə həmişə vurğulayırdım ki, artıq müəyyən birgəyaşayış qanunlarının mövcud olduğu cəmiyyətdə insan özünü fərqli apara bilməz. Siz “məni olduğum kimi qəbul edin” mesajını aqressiv şəkildə söyləyə və bilərəkdən başqalarına qarşı çıxa bilməzsiniz. Monastır paltarında rok konsertinə gəlməyə qərar verərkən diqqəti cəlb etməyə hazır olmalısınız. Yəni, müəyyən əsaslar və standartlar var. Əgər onlara əməl etsəniz özünüzü "sülh adamı" kimi göstərin, o vaxt müəyyən vəziyyətlərə uyğunlaşa bilərsiniz. Ona görə yox ki, fikrinizi dəyişdirməli və ya yalan danışmalısınız. Öz daxili gücünüzə sahib olmalı, eyni zamanda, "oyun" qaydalarına hörmət etməlisiniz.
- Çox xoşdur ki, dediyiniz hər şey şəxsi təcrübəyə əsaslanır.
- Bəli. Uşaqlarla ünsiyyət qurarkən, təkcə onların hekayəsini deyil, öz həyatımda yaşadıqlarımı da nümunə götürürəm. Həm də başqa insanların təcrübələrindən də istifadə edirəm. Düzünü desəm, yəqin ki, mənim özümdə də heç bir parlaq epizod yox idi... Ancaq gəldiyim ailədə qəbul edilmiş ilkin daxili davranış normalarına əməl edərək müəyyən addımlar atmalı oldum. Çox güman ki, heç bir açıq tədbirdə iştirak etməməyimin səbəbi də budur. Hər hansı bir vəziyyətdə mənim üçün müəyyən bir inkişaf, emosional qavrayış prinsipləri var. Nəhayət əgər insan daxilən özünü təmin etmək istəyirsə, sadəcə, özünüdərk anından son nəfəsinədək bunun sənə aid olduğunu qəbul etməyi bacarmalı və sınaqlara hazır olmalısan. Çalışmalıyıq ki, müəyyən yoldan azmayaq. Və unutmayın ki, bu, həyatdır və hər kəs büdrəyə bilər və buna görə heç kimi mühakimə etmək olmaz. Mən özüm bunu etmirəm, başqalarının həyatı ilə heç maraqlanmıram. Ona görə də bu dünyaya öz prizmamdan baxıram, onu beyin süzgəcimdən keçirirəm. Aydındır ki, bu, sadəcə, mənim yanaşmamdır və ətrafda bir çox başqa “hekayələr” də var. Ancaq çalışıram ki, özümü bəzi qadınların günah işləyərək məruz qaldığı "ətçəkən maşından" kənarda tutum”.