Səbail rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən qadınlar mükafatlandırılıb
Bakı, 5 mart, Flora Şükürova, AZƏRTAC
Martın 5-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 8 mart - Beynəlxalq Qadınlar Bayramı Günü münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyasının (YAP) Səbail Rayon Təşkilatı və Mahnı Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.
YAP Səbail Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək müasir dövrdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rol oynamasından söz açıb. Qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rola malik qadınlar Prezident İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx birləşib. Azərbaycan qadınının ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etdiyini deyən natiq söyləyib ki, bu gün qadınlarımız dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar.
Vurğulanıb ki, Səbail rayonunda yaşayan xanımlar öz səmərəli ictimai, sosial fəaliyyətləri ilə daim seçilib. Xanımların bütün uğurlarının və fəaliyyətlərinin hər zaman dəstəklədiyini qeyd edən Ş.Hacıyev onları 8 mart - Beynəlxalq Qadınlar Bayramı Günü münasibətilə təbrik edib.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.