SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ GƏRGİN KEÇİR
Milli Məclisin aprelin 4-də keçirilən iclasında Seçki Məcəlləsi layihəsinin müzakirəsi davam etdirilmişdir.
Məcəllənin 2-ci bölməsi üzrə müzakirələr, əslində, başa çatsa da, müxalifətdən olan deputatlar bəzi maddələr üzrə təkrar müzakirələr açmışlar. Müxalifət prezident seçkilərində iştirak etmək istəyən namizəddən 150 milyon manat, deputatlığa namizəddən isə 15 milyon manat depozitin tələb olunmasını düzgün saymamışdır. Xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin seçkilərdə iştirakı, seçki komissiyalarında bitərəf deputatların namizədlərinin təmsil olunmalarına müxalifətin etirazı narazılıqla qarşılanmış və mübahisə doğurmuşdur.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov məsələlərə hüquqi baxımdan aydınlıq gətirərək demişdir ki, vətəndaşlığı olmayan şəxslərin və xarici ölkə vətəndaşlarının seçkilərdə iştirakı, Konstitusiyanın və beynəlxalq hüququn tələblərinə uyğundur. Konstitusiyanın 69-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının Qanunlarına və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslər və xarici vətəndaşlar səsvermədə iştirak edə bilərlər. Lakin buna baxmayaraq, onlar üçün müəyyən məhdudiyyətlər də nəzərdə tutulmuşdur. İlk növbədə, xarici vətəndaşla vətəndaşlığı olmayan şəxslər arasında fərq var. Bundan əlavə, hər iki kateqoriya üçün 5 il oturaqlıq senzi müəyyən olunur, yəni onlar ən azı 5 il Azərbaycanda yaşamalıdırlar. 15-ci maddədə birmənalı deyilir ki, vətəndaşlığı olmayan şəxslər seçilə bilməzlər. 12-ci maddəyə əsasən isə, xarici vətəndaş yalnız bələdiyyə seçkilərində iştirak edə bilər. Bu hallar Mülki və siyasi hüquqlar haqqında 1966-cı ildə qəbul olunmuş Pakta (Azərbaycan ona1992-ci ildə qoşulub) və Avropa Şurasının İnsan hüquq və azadlıqları haqqında Konvensiyasına uyğundur.
Bitərəflərin seçki komissiyalarında təmsil olunmasına gəldikdə isə, Əsgərov müxalifət nümayəndələrini obyektivliyə çağıraraq, bitərəflərin cəmiyyətin böyük əksəriyyətini təmsil etdiklərini xatırlatmışdır. Bəzi siyasi partiya sədrlərinə müraciət edən natiq demişdir ki, müxalifət dağıdıcı yox, konstruktiv olmalıdır.
Bitərəf deputatlar isə müxalifətin iradlarına qarşı daha kəskin çıxışlar etmişlər.
Müzakirələr növbəti iclasda davam etdiriləcəkdir.