SEÇKİLƏR AZAD, ƏDALƏTLİ, DEMOKRATİK VƏ ŞƏFFAF KEÇMİŞDİR
Vahid Əhmədov (52 saylı Quba seçki dairəsi), Bəxtiyar Əliyev (118 saylı Ağdam şəhər seçki dairəsi), Əli Məsimov (113 saylı Şəki şəhər seçki dairəsi), Azay Quliyev (46 saylı Əli Bayramlı seçki dairəsi), Azər Əmiraslanov (98 saylı Şəmkir şəhər seçki dairəsi) seçkilərin tam azad, ədalətli, demokratik və şəffaf keçirildiyini, maraqlı, gərgin, bərabər mübarizə şəraiti yaradıldığını xüsusi vurğuladılar. Qeyd etdilər ki, Prezidentin seçkilərlə bağlı Sərəncamları kampaniyanın demokratik keçirilməsi üçün münbit şərait yaratmışdır, seçkilərdən sonra görülən tədbirlər isə ədalətin bərpasına gətirib çıxaracaqdır.
Bəxtiyar Əliyev xatırlatmışdır ki, o, Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelə mənim səsə qoyulduğum dairədə müşahidə aparmağı təklif etmişdim, lakin onlar razılaşmadılar. Seçilməyənlər bu gün narazılıq edir, seçkiləri keçirən qurumları günahlandırır, nəticələrin ləğvi iddiasını irəli sürürlər. Bütün bunların əvəzində vaxtında seçkiqabağı kampaniyanı savadlı aparmaq lazım idi. Onların bir çoxu yaradılmış bərabər şəraitdən istifadə edib təbliğat aparmaq əvəzinə, rəqibinə qara yaxmaqla məşğul olub.
Qənirə Paşayeva (105 saylı Tovuz şəhər seçki dairəsi) və Qüdrət Həsənquliyev (97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi) seçkilərdə məğlub olanların öz tərəfdarlarını etiraza çağırmalarına, nəticələrin ləğvi barədə tələblərinə də münasibətlərini bildirdilər və dedilər ki, ümumən seçkilər normal keçib. Seçkilərin baş tutmadığı barədə cəfəng bəyanatlar yaymaqla ermənipərəst qüvvələrin dəyirmanına su töküb ölkəmizin “qara siyahıya” düşməsinə imkan verilməməlidir.
Görüş iştirakçıları etiraf etdilər ki, nəticələrə təsir etməsə də müxtəlif şəxslər, ayrı-ayrı qurumlar pozuntuya yol veriblər. Ölçüsündən və miqyasından asılı olmayaraq hər bir pozuntu Azərbaycanın beynəlxalq imicinə xələl gətirə bilər. Belə addımlardan çəkinmək lazımdır. Kampaniyanı işıqlandırmış, indi isə nəticələrdən yazan jurnalistlərə tövsiyə edildi ki, heç bir halda dövlətçilik mənafeyini unutmasınlar.