Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə edilən dəyişikliklər barədə açıqlama yaymışdır
Bakı, 29 oktyabr (AZƏRTAC). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli qərarı ilə etdiyi dəyişikliklər barədə açıqlama yaymışdır.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Nazirlər Kabinetinin Əsasnamədə etdiyi dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması) aparılmışdır.
Qanunun 20.2-ci bəndində göstərilmişdir: “Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir”. Əsasnamənin 2008-ci il 29 fevral tarixli variantında 2.9-cu bəndində göstərilmişdir: “İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılır”. “3 aydan 12 aya qədər olan müddətə” cümləsi yeni variantda “hər dəfə 1 ildən artıq olmamaq şərti ilə” cümləsi ilə əvəz edilmişdir.
Qanunun 20.3-cü bəndinin tələbinə əsasən “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər”. Yəni, Əsasnaməyə edilən dəyişiklik “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşların hər il müayinədən keçirilməsi demək deyildir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də 2013-cü il 2 oktyabr tarixli dəyişikliklər “hərbi xidmətə müvəqqəti yararsızdır” kateqoriyasına aid edilən şəxslərə şamil edilir.
Əsasnaməyə digər dəyişikliyə görə çağırış komissiyalarının tərkibinə psixoloqun əlavə edilməsi çağırışçıların mənəvi-psixoloji durumunu daha dərindən öyrənib qiymətləndirilməsi məqsədi daşıyır.