Səfir: Gələn il İndoneziya Azərbaycanla əsasən təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacaq
Bakı, 20 dekabr, AZƏRTAC
Gələn il İndoneziya Azərbaycanla əsasən təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacaq.
AZƏRTAC xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani mətbuat nümayəndələri üçün təşkil olunan ziyafətdə deyib.
Ölkələrimiz arasında il ərzində idxal və ixracata dair qeydə alınan statistik rəqəmləri diqqətə çatdıran səfir bildirib ki, 2015-2016-cı illərdə bu rəqəm 19 milyon idisə, cari ildə 46 milyon dollar həcminə çatıb. 2017-ci ildə Azərbaycan və İndoneziya arasında xüsusilə iqtisadi və mədəniyyət sahələrindəki əlaqələr 2015-2016-cı illərlə müqayisədə daha yüksək templə inkişaf edib.
“2018-ci ildə Cakartada Azərbaycan Dili Mərkəzi fəaliyyətə başlayacaq. Gələn ilin sentyabr-oktyabr aylarında isə Azərbaycanda İndoneziya mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Eyni zamanda, qarşılıqlı səfərlər, iş adamları arasında əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq”, - deyə Hüsnan Bey Fanani vurğulayıb.