Səfir: Səudiyyə Ərəbistanı hökuməti ölkədə və regionda böyük yaşıllaşdırma layihələri həyata keçirəcək
Bakı, 30 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman “Yaşıl Səudiyyə Ərəbistanı” və “Yaşıl Yaxın Şərq” layihələrini təqdim edib. Hər iki layihə Krallıqda və ümumilikdə regionda ekoloji vəziyyətin yaxşılaşmasına, təbiətin və bitki örtüyünün zənginləşməsinə töhfə verəcək.
Bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr AZƏRTAC-a açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, ölkəsi ətraf mühitin qorunması, iqlim dəyişikliyi, temperaturun yüksəlməsi və yağıntıların azalması, toz dumanlarının çoxalması və səhralaşma problemlərinin həlli istiqamətində ciddi səylər göstərir. Bu baxımdan, bu iki təşəbbüsün böyük əhəmiyyəti var.
Səfir qeyd edib ki, “Yaşıl Səudiyyə Ərəbistanı” təşəbbüsünün hədəfi Krallığın bitki örtüyünün bərpası, karbon qazı emissiyasının azaldılması, həmçinin çirklənmə və torpaqların eroziyasına qarşı mübarizə aparmaqdır. Bu layihə çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təkcə Səudiyyə Ərəbistanında 10 milyard ağacın əkilməsi, atmosferə atılan karbon qazı tullantılarının 4 faizdən çox azaldılması, ölkədə ekoloji cəhətdən təmiz enerjinin payını 2030-cu ilədək 50 faizə yüksəldəcək bərpaolunan enerji layihələrinin həyata keçirilməsi bu tədbirlər sırasındadır.
“Yaşıl Yaxın Şərq” təşəbbüsünün qarşıya qoyduğu hədəflərə isə regionda karbohidrogen texnologiyalarının səmərəliliyinin artırılması, dünyada ən böyük yaşıllaşdırma planının həyata keçirilməsi, yəni, Yaxın Şərq regionunda 50 milyard ağacın əkilməsi və sair daxildir. Layihə çərçivəsində əkiləcək ağaclar dünya üzrə bu məqsədin reallaşması üçün lazım olan 1 trilyon ağacın 5 faizini təşkil edəcək. Bunun nəticəsində dünya üzrə karbon tullantılarının səviyyəsi 2,5 faiz enəcək.
Səfir əlavə edib ki, Krallıq hər il dövlət və hökumət başçılarının, nazirlərin və ekologiya mütəxəssislərinin iştirakı ilə “Yaşıl Yaxın Şərq Təşəbbüsü” adlı sammit keçirməyi də planlaşdırır. Sammitin keçirilməsində məqsəd bu təşəbbüslərin təfsilatlarının və həyata keçirilmə mexanizmlərinin müzakirəsidir. Sözügedən təşəbbüslərin reallaşdırılmasına 2021-ci ilin dördüncü rübündən başlanılması gözlənilir. Proses qarşıdakı iki onillik müddətində davam etməlidir.