Şəhərin şanlı tarixi muzeyin eksponatlarında əksini tapmışdır
Sumqayıt, 17 may (AZƏRTAC). 1977-ci ildən başlayaraq hər il mayın 18-də bütün dünyada Beynəlxalq Muzeylər Günü qeyd edilir. Sumqayıt Tarix muzeyinin əməkdaşları öz peşə bayramlarını şəhərin ilk qurucularının, əmək veteranlarının, ictimaiyyətin nümayəndələrinin əhatəsində qeyd etmişlər. Milli Məclisin deputatları Leyla Abdullayeva və Muxtar Babayev qonaqlar arasında olmuşlar. Burada “Açıq qapı” aksiyası və “Əfsanədən yaranmış şəhər” tematik gecəsi keçirilmişdir. Tədbir respublika üzrə “Muzeylər gecəsi” aksiyası çərçivəsində keçirilmişdir.
Həmin gün Sumqayıt tarix muzeyində səmimi ab-hava hökm sürürdü. Qonaqları muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Olya İslamova qarşılayırdı. Gənclik illərini doğma şəhərin inkişafına həsr etmiş insanlar ekspozisiyaya böyük maraqla tamaşa etmişlər. Muzeydə rəssamların əsərlərindən və tətbiqi-sənət nümunələrindən ibarət tematik sərgi təqdim edilmişdir. Aksiyada şəhər məktəbliləri iştirak etmişlər. Muzeyin gecədən xeyli keçənədək açıq olan ekspozisiyası ilə həmin gün minlərlə insan tanış olmuşdur.
Simvolik haldır ki, Sumqayıtın bioqrafiyasına şanlı səhifələr yazmış əmək veteranları şəhərin quruculuğu, təşəkkülü illərini xatırlayarkən muzey ekspozisiyasının çoxsaylı bölmələrində təqdim edilmiş sənədlərə, fotomateriallara istinad etmişlər.
Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov demişdir: “Maddi və mənəvi mədəniyyət abidələrini toplayıb hifz etməklə, böyük elmi-maarifçilik və təlim-tərbiyə işi aparmaqla Sumqayıt muzeyi özünün başlıca missiyasını həyata keçirir, doğma şəhərin tarixini təbliğ edir”. “Şöhrət” ordenli prezident təqaüdçüsü Minarə Tahirova isə hesab edir ki, muzey böyüməkdə olan nəslə şəhərin tarixini öyrədən yaxşı məktəbdir.
Muzeyin iclas salonunda bayram konserti olmuşdur. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorları şəhərin tarixi haqqında əfsanə danışmışlar. Muzeyin nəzdində fəaliyyət göstərən şəhər veteranlarından ibarət xalq çalğı alətləri ansamblı, 5 nömrəli musiqi məktəbinin müəllimlərindən ibarət “Buta” ansamblı öz məharətlərini nümayiş etdirmişlər.
Sumqayıt haqqında birinci kitabın müəllifi, tarix elmləri namizədi, respublikanın əməkdar mədəniyyət işçisi Zərifə Dolayeva də öz təəssüratlarını bölüşmüşdür. Onun dissertasiyası əsasında yazılmış “Sumqayıt Azərbaycanın sənaye nəhəngidir” kitabı 1962-ci ildə çapdan buraxılmışdır. Z.Dolayeva bir il əvvəl əsaslı təmirdən çıxmış Sumqayıt Tarix Muzeyi barədə xoş sözlər söyləmişdir.
Qeyd edək ki, respublikada 200-dən çox muzey fəaliyyət göstərir. Sumqayıt muzeyi 1967-ci il noyabrın 2-də fəaliyyətə başlamışdır. Onun fondunda 14 min eksponat saxlanılır. Bir il ərzində şəhərin üç minədək sakini və qonağı muzeyin zəngin ekspozisiyası ilə tanış olmuşlar.
######
